×
A
A
A
Sazlamalar

İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı problemlər mövzusunda tədqiqat aparılır

Bakı, 4 oktyabr, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında aparıcı elmi işçi texnika üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova “İnternetdə Azərbaycan əlifbası ilə domen adlarının tərtibatındakı bəzi problemlər” mövzusunda məruzəni təqdim edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. R.Qasımova internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (The Internet Corporatinon for Assigned Names and Numbers, ICANN), Internetdə Nömrələnmənin Təyini üzrə Qeydiyyat Təşkilatı (Internet Assigned Numbers Authority, IANA), internet Adların Avropa üzrə Qeydiyyat Qurumu (Reseaux IP Europeens, RIPE), Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (The World Intellectual Property Organization, WIPO) və s. kimi internetə nəzarət edən və domen adlarının fəaliyyətinə cavabdeh olan beynəlxalq təşkilatlardan söz açıb.
Məruzəçi artıq beynəlxalq aləmdə ayrı-ayrı ölkələrə məxsus milli əlifbalar üzrə domen adlarının qeydiyyatı prosesinin başlanmasını xüsusilə vurğulayıb.
R.Qasımova hazırda beynəlxalq səviyyədə qeyri-latın domen adlarının tətbiqi genişləndikcə Azərbaycanda da milli əlifbamızın hərflərindən istifadə olunmaqla milli domenlərin yaradılması üçün geniş imkanlar olduğundan söz açıb. Qeyd edib ki, ölkəmizin milli maraqlarının təmin edilməsi, milli informasiya resurslarının artırılması, Azərbaycan dilinin norma və qaydalarının təhriflərdən qorunması və internetdən istifadə imkanlarının məhdud olduğu bölgələrdə dil maneəsinin ortadan qaldırılması məqsədilə Azərbaycana məxsus “.az” yüksək səviyyəli domen sistemində Azərbaycan əlifbasından istifadə edərək milli domen adlarının yaradılması, o cümlədən “əlincə.az”, “qarabağ.az”, “xankəndi.az”, “sığorta.az”, “mədəniyyət.az”, “ədliyyə.az”, “məktəb.az” və bu kimi adların tərtibatı, eyni zamanda, şəhərlərimiz və bölgələrimiz üçün “.bakı”, “.naxçıvan”, “.gəncə”, “.sumqayıt”, “.şuşa”, “.xankəndi”, “.zəngilan”, “.füzuli” və bu kimi adlarda yüksək səviyyəli domen adlarının qeydiyyatdan keçirilməsi ilə əlaqədar yaranan problemlərin tezliklə həll edilməsi məqsədəuyğun olardı.

Texnologiya 2021-10-04 17:15:00