×
A
A
A
Sazlamalar

“Pedaqogika və metodika: faydalı kitablar” mövzusunda vebinar təşkil olunub

Bakı, 29 sentyabr, AZƏRTAC

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) metodik kabinet əməkdaşları üçün növbəti vebinar təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə metodik kabinet müdirləri və metodistlər üçün vebinarların mövzularının müəyyən olunması məqsədilə metodik kabinet əməkdaşları arasında sorğu keçirilib. 429 nəfər metodik kabinet əməkdaşı arasında keçirilən sorğuya əsasən vebinar “Pedaqogika və metodika: faydalı kitablar” mövzusunda təşkil olunub.
Respublikanın müxtəlif regionlarından 300-dən artıq metodistin qoşulduğu vebinar 2 seansda təşkil edilib. Vebinarda spiker qismində MDM-in Metodik xidmət şöbəsinin mütəxəssisi Aynur Həşimova çıxış edib.
Əvvəlcə spiker iştirakçılara Anım Günü ilə bağlı videoçarx təqdim edib. Vebinar müddətində iştirakçılara 10-dan artıq metodik və pedaqoji vəsait haqqında məlumat verilib. Həmçinin metodistlərin mütaliə bacarıqlarını artırmaq üçün bir neçə resurs haqqında təqdimatlar olunub. Vebinarın sonunda “Şagirdlərin uğur qazana bilməsi üçün tədris necə təşkil edilməlidir?” sualı ətrafında fikir mübadiləsi aparılıb.
Vebinarda Abşeron, Ağcabədi, Astara, Beyləqan, Biləsuvar, Qobustan, Hacıqabul, İmişli, Cəlilabad, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şirvan, Sumqayıt, Yardımlı, Ağsu, Ağdam, Bərdə, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocalı, Xocavənd, Laçın, Şuşa, Tərtər, Zəngilan şəhər və rayonları üzrə metodik kabinet əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.

Elm və təhsil 2021-09-29 12:41:00