×
A
A
A
Sazlamalar

Diabet əleyhinə potensiala malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqat aparılıb

Bakı, 25 sentyabr, AZƏRTAC

AMEA Aşqarlar Kimyası İnstitutunun baş direktoru akademik Vaqif Fərzəliyev, icraçı direktoru dosent Əfsun Sucayev və Bakı Dövlət Universitetinin alimləri – akademik Abel Məhərrəmov, professor Məlahət Qurbanova, doktorant Fidan Axundova Türkiyənin Atatürk və Bartın universitetlərindən olan həmkarları ilə birgə tədqiqatlar çərçivəsində diabet əleyhinə potensiala malik dərman maddələrinin yaradılması istiqamətində beynəlxalq tədqiqat aparıb və mühüm elmi nəticələr əldə ediblər.
Bu barədə AZƏRTAC-a Aşarlar Kimyası İnstitutundan məlumat verilib. Bildirilib ki, alınan nəticələrlə bağlı məqalə impakt faktorlu “Politsiklik aromatik birləşmələr” (Polycyclic Aromatic Compounds) jurnalında dərc edilib. Məqalə bioloji aktivliyə malik bisiklik strukturların molekulyar dokinq araşdırılmasına, antidiabetik və antixolinerjik potensialın qiymətləndirilməsinə həsr olunub. Bəzi bisiklik molekulların molekulyar dokinq hesablamaları və müxtəlif analiz nəticələrindən əldə edilən göstəricilər bu molekulların gələcəkdə diabet əleyhinə dərman olaraq istifadəsində heç bir nəzəri problem olmadığını təsdiqləyib.
Xatırladaq ki, “Polycyclic Aromatic Compounds” jurnalı “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarına daxildir.

Elm və təhsil 2021-09-25 14:29:00