×
A
A
A
Sazlamalar

Proqram təminatının mürəkkəblik dərəcəsinin qiymətləndirilməsi üçün yeni hibrid metod təklif edilib

Bakı, 20 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Tamilla Bayramova Rusiyanın Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə keçirilən “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular - Tanıma-2021” adlı XVI beynəlxalq elmi-texniki konfransda “Proqram təminatının mürəkkəblik dərəcəsinin qiymətləndirilməsi üsulu haqqında” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, T.Bayramova proqram təminatının keyfiyyətinin idarə olunmasında proqram təminatı metrikalarının xüsusi əhəmiyyətini qeyd edib. Bildirib ki, bu metrikalar proqram təminatının bütün həyat dövrünü əhatə edir.
O, məruzədə proqram təminatı metrikalarının klassifikasiyasının verildiyini diqqətə çatdırıb. Proqram təminatının mürəkkəblik dərəcəsinin ölçülməsinin aktual problemlərdən biri olduğunu söyləyib. Qeyd edib ki, bu göstərici proqram təminatında olan səhvləri və boşluqları vaxtında aşkar etməyə imkan verir. Proqram təminatının mürəkkəbliyinin qiymətləndirilməsi üçün müxtəlif metodlar mövcuddur. Eyni zamanda, müvafiq sahədə çoxsaylı araşdırmalar, hər hansı bir proqram kodunun mürəkkəbliyini qiymətləndirmək üçün universal metrikanın olmadığını göstərir. Hər hansı bir metrikanın tətbiqi problem sahəsindən asılıdır.
T.Bayramova tədqiqat işində bu metodların qısa xülasəsinin verildiyini və proqram təminatının mürəkkəbliyinin hesablanması üçün yeni hibrid metodun təklif edildiyini nəzərə çatdırıb. Məruzəçi yeni metodun proqram təminatının etibarlılığını daha səmərəli qiymətləndirdiyini təcrübədə əsaslandırıb.

Texnologiya 2021-09-20 15:37:00