×
A
A
A
Sazlamalar

Fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodları işlənilir

Bakı, 22 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris İnnovasiya Mərkəzində (TİM) fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodları işlənilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. O, mərkəzdə informasiya təhlükəsizliyi mədəniyyətinin müxtəlif aspektlərdən analiz edildiyini və müstəqil istiqamətlərdə elmi tədqiqatların davam etdirildiyini nəzərə çatdırıb.
R.Mahmudova cari ildə jest dilinin tanınması üçün 2D və 3D modelləşdirmə sistemlərinin, əl jestlərinin tanınması sistemlərinin iş prinsipinin təhlil edildiyini bildirib. Həmçinin e-təhsil problemləri üzrə intellektual oyun texnologiyalarının informatika fənninin tədrisinə inteqrasiyasının və bununla bağlı aparılan pedaqoji eksperimentlərin nəticələrinin analizi istiqamətində elmi araşdırmaların aparıldığını söyləyib.
TİM-in rəhbəri mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işləri də diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, mərkəzin yarımillik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirib, əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verib.
Sonra hesabat ətrafında fikir mübadiləsi aparılıb.

Texnologiya 2021-07-22 15:28:00