×
A
A
A
Sazlamalar

Dördüncü Sənaye İnqilabının sosial-iqtisadi trendləri ilə bağlı araşdırmalar davam etdirilir

Bakı, 13 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Dördüncü Sənaye İnqilabının sosial-iqtisadi trendləri ilə bağlı araşdırmalar davam etdirilir.
Bu barədə institutun elmi seminarında məlumat verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş mütəxəssis Rasim Mahmudov rəhbərlik etdiyi şöbədə cari ildə yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib. O, Dördüncü Sənaye İnqilabının sosial-iqtisadi trendlərinin araşdırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, şöbədə sosial-iqtisadi sistemlərin transformasiyasının analizi, süni intellekt texnologiyalarının cəmiyyətin müxtəlif sferalarına təsirinin analizi istiqamətində elmi araşdırmalar aparılır.
Məruzəçinin sözlərinə görə, cari ildə virtual məkanda dil problemləri də araşdırılıb. Elektron dövlət mühitində Azərbaycan dili xidmətlərinin yaradılması və inkişafı perspektivlərinin, axtarış sistemlərinin optimallaşdırılması (SEO) prosesində xüsusi adların araşdırılması istiqamətində tədqiqatlar həyata keçirilib.
Rasim Mahmudov, həmçinin şöbənin gənc tədqiqatçıları tərəfindən korporativ təhsil mühitində sosial şəbəkələrin analizi üçün metod və alqoritmlərin, etnobotanika informasiya sisteminin, folklor resurslarından istifadə etməklə kibercinayətkarlığa qarşı metod və alqoritmlərin işlənməsi mövzuları üzrə yerinə yetirilən işləri təqdim edib, nüfuzlu jurnallarda nəşr olunmuş məqalələr barədə məlumat verib.
Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru akademik Rasim Əliquliyev hesabata dair öz fikirlərini bildirib və şöbənin fəaliyyətinin daha da gücləndirilməsinə dair tövsiyələrini verib.
Sonda hesabatla bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-07-13 17:13:00