×
A
A
A
Sazlamalar

Azərbaycan şirkətləri Çində keçirilən onlayn sərgidə iştirak edir

Bakı, 17 iyun, AZƏRTAC
Çinin Heyloncian vilayətinin paytaxtı Harbin şəhərində 31-ci Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi başlayıb. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmiz sərgidə “Fəxri qonaq ölkə” statusunda iştirak edir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, pandemiya ilə əlaqədar Harbin şəhərində tətbiq edilən məhdudiyyətlər səbəbindən bu il onlayn formatda keçirilən sərgidə Azərbaycan üçün 1810 kvadratmetrlik 3D formatda onlayn “Made in Azerbaijan” vahid ölkə stendi hazırlanıb. Stenddə 20-dən çox şirkətin xalçaçılıq, qida və içki sənayesinə aid məhsulları nümayiş etdirilir. Bununla yanaşı, onlayn stenddə ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialı nümayiş etdirilir. İyunun 19-dək davam edəcək sərgidə məhsullarımız təşkilatçılar tərəfindən sərgi ilə yanaşı, müxtəlif onlayn platformalarda da reklam olunur.
Qeyd edək ki, 1990-cı ildən keçirilən Beynəlxalq İqtisadiyyat və Ticarət sərgisi Heyloncian əyalətinin ən önəmli beynəlxalq sərgisi hesab edilir.

Sərgilər 2021-06-17 15:57:00