×
A
A
A
Sazlamalar

"Təmiz hövzələr" aksiyası çərçivəsində sahilboyu ərazilər tulantılardan təmizlənib

Bakı, 12 iyun, AZƏRTAC
“Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti genişmiqyaslı sahilyanı təmizlik aksiyasına başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ictimai qurumların nümayəndələrinin, könüllülərin iştirakı ilə Xəzər dənizinin sahil akvatoriyası, Kür çayı və digər daxili su hövzələrinin sahilboyu ətraf əraziləri tullantılardan təmizlənir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, belə tədbirlərdən biri iyunun 12-də Şüvəlan çimərliyinin dəniz sahili ərazisində keçirilib.
Aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyi və IDEA İctimai Birliyinin nümayəndələri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident nümayəndəsi Alessandro Frakasetti, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və ekokönüllülər iştirak ediblər.
Şüvəlan çimərliyinin 2 hektara yaxın sahil zolağı plastik və digər tullantılardan təmizlənib və tullantılar təkrar emal üçün “AzEkol” şirkətinə təhvil verilib.
“Təmiz hövzələr” aksiyasının keçirilməsində məqsəd daxili su hövzələrinin sahilboyu ətraf ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır.

Ekologiya 2021-06-12 17:25:00