×
A
A
A
Sazlamalar

Bakı Ekspo Mərkəzində “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgiləri açılıb

Bakı, 10 iyun, AZƏRTAC
İyunun 10-da Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri açılıb.
AZƏRTAC xəbər verir ki, builki sərgilərdə Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Əfqanıstan, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva və Niderland da daxil olmaqla 27 ölkədən 248 şirkət iştirak edir. Sərgilərdə, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik - təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır. Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribüterləri, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirir. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edir.
Sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiyanı təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edir. Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunur. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır. Beləliklə, “Caspian Agro 2021” sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölməni əhatə edəcək: kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yemlər, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları və laboratoriya avadanlığı.
“InterFood Azerbaijan 2021” sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: “InterFood” (qida sənayesi), “InterDrink” (içkilər), “InterFoodTech” (texnologiyalar) və “HalalFood”. Beləliklə, “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və sair), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim edilir.
Bu il sərgilər üçün (COVID əleyhinə tədbirlər səbəbindən azaldılmış) xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edəcək. İşgüzar proqramın əsas hadisəsi isə sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər sərgi iştirakçıları, yerli istehsalçılar və distribüterlər arasında keçiriləcək. Mütəxəssislər üçün sərgilərə giriş yalnız dəvətnamə və ya elektron qeydiyyat əsasında tibbi maska ilə mümkündür. Ziyarət qaydalarının təfərrüatları ilə sərgilərin veb-saytında tanış olmaq olar.
Sərgilər həm alıcılar, həm də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirir. Həmçinin sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafına və qida məhsullarının “Made in Azerbaijan” brendi altında ixracına töhfə verən, o cümlədən innovasiyaların və yeni məhsulların bazara çıxarıldığı platformadır. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır. Sərgilər iyunun 10-dan 12-dək davam edəcək.

 

Sərgilər 2021-06-10 12:44:00