×
A
A
A
Sazlamalar

Konvensional neyron şəbəkəsi tibbi təsvirlərin tanınmasında tətbiq olunur

Bakı, 9 iyun, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda “Konvensional neyron şəbəkəsinin tibbi təsvirlərin tanınmasında tətbiqi” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni təqdim edən elmi müəssisənin əməkdaşı Lalə Qarayeva tibbi təsvirlərin təhlili haqqında danışıb. Bildirib ki, tibdə kompüterin geniş tətbiq olunan istiqamətlərindən biri qrafik informasiya ilə işdir. Bu istiqamət tibbi təsvirlərin analizi adlanan tibbi informatikanın xüsusi bölməsində öyrənilir. Tibbi təsvirlərdə aşkarlanma müəyyən bir xəstəlik növünün, məsələn, şişin müəyyənləşdirilməsi deməkdir.
Sonra L.Qarayeva tibbi təsvirlərin emalı haqqında məlumat verib, konvensional neyron şəbəkəsi təkamülündən danışıb.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Məsumə Məmmədova çıxış edərək konvensional neyron şəbəkəsinin tibbi təsvirlərin tanınmasında tətbiqinə dair tədqiqatların davam etdirilməsi ilə bağlı tövsiyələrini verib, bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılmasının vacibliyini vurğulayıb.

Texnologiya 2021-06-09 18:40:00