×
A
A
A
Sazlamalar

Builki kənd təsərrüfatı və qida sənayesi sərgilərində 27 ölkədən 248 şirkət iştirak edəcək

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan 2021” sərgiləri ilə bağlı iyunun 9-da mətbuat konfransı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən sərgilərdə bu il Azərbaycan, ABŞ, Almaniya, Türkiyə, Əfqanıstan, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Çin, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İspaniya, İtaliya, Litva və Niderland da daxil olmaqla 27 ölkədən 248 şirkət iştirak edəcək. Sərgilərdə, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri öz məhsul və xidmətlərini təqdim edəcəklər.
Mətbuat konfransında “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bildirib ki, biznes sektoru 2 illik fasilədən sonra canlı ünsiyyət üçün darıxıb: “İndi kənd təsərrüfatı və ərzaq bazarlarında müsbət dinamika müşahidə edilir, bazara yeni iştirakçılar daxil olub, daimi eksponentlərimiz isə sərgidə yeni məhsullarını təqdim edəcəklərini elan ediblər. Pandemiya ilə əlaqədar yaranmış fasiləyə görə indi yeniliklərə, təcrübə mübadiləsinə və yeni ortaqlıqlara ciddi ehtiyac var. Potensial tərəfdaş ilə birbaşa dialoq qurmaq fürsəti indi bütün iştirakçılarımız üçün son dərəcə vacibdir. Biz sərgilərdə təhlükəsizliyə daim böyük diqqət yetirmişik və təbii ki, sərgi ərazisi boyu COVID virusu əleyhinə də müvafiq tədbirlər görmüşük. Açılışdan əvvəl, Bakı Ekspo Mərkəzinin bütün otaqlarında və sərgi zallarında ümumi dezinfeksiya işləri aparılacaq. Sərgiləri yalnız qoruyucu tibbi maskalardan istifadə edərək ziyarət etmək mümkün olacaq. Əgər qonaqlar qoruyucu maskasız gələrlərsə, o zaman onlara qeydiyyat masasından tibbi maskalar veriləcək. Biz sərgidə ziyarətçilərin sosial məsafə saxlamalarını təmin edəcək xüsusi “COVID patrul” xidmətini də təşkil etmişik”.
Qeyd edilib ki, tədbirlərin təhlükəsiz keçirilməsi üzrə qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) tövsiyələrinə (sosial məsafə, maska rejimi, antiseptik - təmizləyici vasitələrin tətbiqi, bədən hərarətinin yoxlanılması və ərazinin müntəzəm dezinfeksiya edilməsinə) əsaslanır. Sərgilər kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, peşəkar ziyarətçiləri, o cümlədən idxalçıları, ixracatçıları, distribütorları, topdan və pərakəndə satış şirkətlərini, eləcə də fermerləri bir araya gətirəcək. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinin ekspozisiyası Bakı Ekspo Mərkəzinin iki zalını, eləcə də açıq sahəsini əhatə edəcək.
Qeyd edək ki, sərgilərdə Əfqanıstan və Belarusu təmsil edən milli qruplar, Rusiyanı təmsil edən Kirov və Adıgey rayonunun qrupları, həmçinin bu il sərgidə debüt edən Moskva regional qrupu iştirak edəcək. Bu il sərgilərdə qida və kənd təsərrüfatı sahələri üçün vacib və aktual olan bütün məsələlər təqdim olunacaq. Hər bir sektorun hərəkətverici qüvvəsi olan innovasiyalara da xüsusi diqqət verilib. Həmçinin sərgidə bir sıra iştirakçı Qarabağ regionunun inkişafı üçün xüsusi təklif, layihə və xidmətləri nümayiş etdirməyi planlaşdırır. Beləliklə, “Caspian Agro 2021” sərgisinin ekspozisiyasına bir sıra innovasiyalar daxildir: “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikası, laboratoriya avadanlıqları, yeni toxum sortları və bir çox digər məhsullar. Ümumiyyətlə, “Caspian Agro 2021” sərgisi kənd aqrar-sənaye kompleksinin müxtəlif sahələrinin daxil olduğu 11 tematik bölməni əhatə edəcək: kənd təsərrüfatı texnikası, heyvandarlıq və quşçuluq, yemlər, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları və laboratoriya avadanlığı.
“InterFood Azerbaijan 2021” sərgisində təqdim edilən bütün məhsullar aşağıdakı kateqoriyalara bölünür: “InterFood” (qida sənayesi), “InterDrink” (içkilər), “InterFoodTech” (texnologiyalar) və “HalalFood”. Beləliklə, “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar (ət, süd, qənnadı məmulatları və sair), halal məhsullar, içkilər (çay, qəhvə, şirələr), baqqaliyyə məmulatları, inqrediyentlər, soyuducu, ticarət, çörəkbişirmə avadanlıqları, meyvə anbarları, sanitariya və gigiyena məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları, etiketləmə avadanlıqları, qablaşdırma avtomatları və bir sıra digər məhsullar təqdim ediləcək.
Bu il sərgilər üçün (“COVID” əleyhinə tədbirlər səbəbindən azaldılmış) xüsusi işgüzar proqram da nəzərdə tutulub. Belə ki, təşkilatçılar hər il rayonlardan olan fermerlər üçün sərgi üzrə turlar təşkil edəcək. İşgüzar proqramın əsas hadisəsi isə sərgilərdə yeni işgüzar əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi üçün əlavə platforma - ikitərəfli görüşlər (B2B) olacaq. Bu görüşlər sərgi iştirakçıları, yerli istehsalçılar və distribütorlar arasında keçiriləcək. Mütəxəssislər üçün sərgilərə giriş yalnız dəvətnamə və ya elektron qeydiyyat əsasında tibbi maska ilə mümkündür. Ziyarət qaydalarının təfərrüatları ilə sərgilərin veb-saytında tanış olmaq olar.
Beləliklə, sərgilər həm alıcılar, həm də satıcılar üçün birləşdirici bənd funksiyasını yerinə yetirir. Həmçinin sərgilər aqrar-sənaye kompleksinin səmərəli inkişafına və qida məhsullarının “Made in Azerbaijan” brendi altında ixracına töhfə verən, o cümlədən innovasiyaların və yeni məhsulların bazara çıxarıldığı platformadır. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgilər, həmçinin Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən dəstəklənir. Sərgilərin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun bir sıra xarici tərəfdaşlarıdır.
Bakı Ekspo Mərkəzində keçiriləcək sərgilər iyunun 10-dan 12-dək davam edəcək.

Sərgilər 2021-06-09 11:37:00