×
A
A
A
Sazlamalar

Uşaqların internetdə zərərli kontentdən qorunması üçün çoxkriteriyalı qərarqəbuletmə modeli işlənilib

Bakı, 7 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis Sabirə Ocaqverdiyevanın həmmüəllifi olduqları “Uşaqların internetdə zərərli kontentdən qorunması üçün analitik iyerarxiya prosesi əsaslı çoxkriteriyalı qərarqəbuletmə modeli” ("Multicriteria Decision Making using Analytic Hierarchy Process for Child Protection from Malicious Content on the Internet") adlı məqalə “International Journal of Computer Network and Information Security” nəşrində dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, uşaqlar internet resurslarından istifadə edən zaman çox vaxt zərərli informasiya ilə qarşılaşırlar. Məqalədə çoxkriteriyalı qərar qəbuletmə məsələsindən istifadə etməklə internetdə uşaqların zərərli kontentlə rastlaşmasının qarşısını almaq və internetin uşaqlar üçün daha etibarlı mühitə çevrilməsinə dair yanaşma təklif edilir.
Təklif olunan yanaşmada AHP (Analytic Hierarchy Process) üsulundan istifadə etməklə, uşaqların internetə girişinin idarə olunmasında onların yaş kateqoriyasına uyğun təqdim olunan informasiya müəyyən edilir. Alternativlər üzərində cüt-cüt müxtəlif müqayisə və təhlillər aparmaqla uyğun informasiya təyin edilir. Eksperimentlərin nəticələri göstərir ki, uşaqlara yaşa uyğun informasiyanın təqdim edilməsi onların virtual məkanda qorunması üçün vacibdir. Nəticələrə əsasən uşaq auditoriyasına təqdim olunmaq üçün üstünlük verilən informasiya növü təyin edilir. Digər alternativlərlə müqayisədə azyaşlı istifadəçi üçün üstünlük zərərsiz informasiyaya verilir.
Qeyd edək ki, “International Journal of Computer Network and Information Security” jurnalı “Scopus”, “Google Scholar”, “Microsoft Academic Search”, “CrossRef”, “IndexCopernicus”, “IET Inspec”, “EBSCO”, “JournalSeek”, “Academic Journals Stanford University Libraries”, “Open Science Directory” və digər tanınmış elmi bazalarda indeksləşir və referatlaşır.

Texnologiya 2021-06-07 17:49:00