×
A
A
A
Sazlamalar

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında keçirilən seçkilər yekunlaşır

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurasının şəhər və rayon təşkilatlarında təşkilati məsələlərlə bağlı hesabat-seçki konfranslarının keçirilməsi yekunlaşmaq üzrədir. Artıq ölkənin əksər şəhər və rayonlarında xüsusi karantin rejimi qaydalarına riayət olunmaqla iclaslar keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, son olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Milli Məclisin deputatı Eldar İbrahimovun iştirakı ilə mayın 26-da Sumqayıtda, iyunun 2-si və 3-ü isə müvafiq olaraq Bakının Səbail və Xətai rayonlarında yerli təşkilatların tədbirləri keçirilib. Pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına uyğun şəkildə məhdud tərkibdə keçirilən bu toplantılarda ağsaqqallarla yanaşı şəhər, rayon rəhbərliklərinin nümayəndələri və ziyalılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Toplantılarda Vətən müharibəsində həlak olmuş şəhidlərin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdıran Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsi əsasında yeni formalaşmış Azərbaycan Ağsaqqallar Şurasının tərkibi, Əsasnaməsi və təşkilatın qarşısında duran vəzifələr barədə ətraflı məlumat verib. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü mükəmməl daxili və xarici siyasətdən, uğurlu ordu quruculuğundan, ölkəmizin bütün sahələrdə davam edən hərtərəfli inkişafından bəhs edib. Qeyd olunub ki, işğal altında olan əzəli və əbədi torpaqlarımız Azərbaycan xalqının möhtəşəm vətənpərvərlik ruhu ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi və onun başçılığı altında şanlı Ordumuzun nümayiş etdirdiyi yüksək döyüş əzmi nəticəsində 44 gün ərzində azad edilib. Artıq həmin torpaqlarımızda böyük vüsətlə bərpa-quruculuq işləri gedir.
Ümummilli lider Heydər Əliyevin ağsaqqallara verdiyi yüksək qiymətdən, onları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandırmasından söz açan Eldar İbrahimov hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ağsaqqallarımıza və ziyalılarımıza yüksək diqqət və qayğı göstərdiyini vurğulayıb. Natiq, həmçinin ağsaqqalların üzərinə düşən vəzifələrdən bəhs edərək, gənclərin xalqa, dövlətə sədaqət ruhunda, zərərli təsirlərdən uzaq olan sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara daim böyük ehtiyacın olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirlərdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev və digər natiqlər ölkənin ictimai-siyasi həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan danışıblar. Vurğulanıb ki, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində ağsaqqallarımızın əməyi danılmazdır.
Çıxışlarda, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin tərəqqisi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərdən, bu tədbirlərin həyata keçirilməsində ağsaqqalların yaxından iştirakından bəhs olunub, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə hər zaman yüksək dövlət qayğısının göstərildiyi qeyd edilib. Respublika Ağsaqqallar Şurasının fəaliyyətinə uğurlar arzulayan natiqlər əmin olduqlarını bildiriblər ki, təşkilatda təmsil olunan tanınmış ziyalıların, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin dəstəyi ilə Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyəti və nüfuzu daha da yüksələcək.
Sonra təşkilati məsələlərə baxılıb, yeni Əsasnamələr qəbul edilib. Müzəffər Gülümov Sumqayıt Şəhər Ağsaqqallar Şurasının, Baba Bayramlı Səbail Rayon Ağsaqqallar Şurasının, İzzət Rüstəmov isə Xətai Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin İdarə Heyətinin və Təftiş Komissiyalarının yeni tərkibi də formalaşdırılıb.

Daxili siyasət 2021-06-03 20:27:00