×
A
A
A
Sazlamalar

Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsini xarakterizə edən göstəricilər sistemi işlənilir

Bakı, 31 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsini xarakterizə edən göstəricilər sisteminin işlənilməsi” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəni iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev təqdim edib. O, müasir dövrdə informasiya, texnologiya və biliyin dünya ölkələrinin iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi və rəqabətədavamlılıq faktoruna çevrildiyini bildirib. Alim onların geniş tətbiqi nəticəsində inkişaf edən rəqəmsal iqtisadiyyatın səviyyəsinin analitik təhlilinə və qiymətləndirilməsinə ciddi ehtiyac yarandığını qeyd edərək, müzakirə olunan mövzunun aktuallığını önə çəkib.
Dosent Ə.Əliyev rəqəmsal iqtisadiyyatın inkişaf səviyyəsinin ölçülməsi üzrə tədqiqatlar, rəqəmsal iqtisadiyyatın ölçülməsi göstəriciləri və indeksləri, indikatorlar sisteminin yaradılması mərhələləri, onun yaradılmasına qoyulan tələblər, elmi problemin təqdim olunma mənbələri haqqında ətraflı məlumat verib.
Qeyd edib ki, müəyyən göstəricilər üzrə verilənlərin çatışmazlığı ilə bağlı problemlərin aradan qaldırılması üçün qlobal reytinqi tərtib edən beynəlxalq təşkilatlar standartlara uyğun obyektiv verilənlərin təqdim edilməsində və statistikasının təhlilində ölkələrin yerli xüsusiyyətlərini nəzərə almağa çalışmalıdırlar.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2021-05-31 17:58:00