×
A
A
A
Sazlamalar

Süni intellekt internet reklamı sahəsində tətbiq olunur

Bakı, 26 may, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarı “Süni intellektin internet reklamı sahəsində tətbiqi məsələləri və perspektivləri” mövzusuna həsr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, şöbənin baş mütəxəssisi Kəmalə Haşımova mövzu ilə bağlı çıxış edib. O qeyd edib ki, süni intellekt alqoritm və texnologiyaların ümumi adıdır və insan intellektinin hədəfidir. İnsan davranışları, rəqəmsal məntiq, hərəkət, nitq və səsin tanınması kimi bir çox imkanlara malik proqram və aparat sistemidir. Süni intellekt nəticəsində kompüterlər insanlar kimi düşünür.
Məruzəçi reklam vasitələrindən söhbət açıb. Bildirib ki, reklam olunan məhsullarla yanaşı, marketinq fəaliyyətinin inkişafında süni intellektin tətbiq edildiyi sahə kimi son zamanlar robot və dronlar daha aktualdır.
Sonra o, “ağıllı” əşyalara nümunə olaraq “Amazon” şirkətində satılan bir neçə qurğunu göstərib. Qeyd edib ki, “Google AdSense” — “Google” şirkətinin kontekst reklam xidmətidir. Proqram avtomatik olaraq veb-saytlarda mövzuya uyğun mətn və qrafik məlumatlar yerləşdirir. Sayt rəhbərləri bu kimi reklamlara görərək gəlir əldə edirlər.

 

Texnologiya 2021-05-26 16:03:00