×
A
A
A
Sazlamalar

Beynəlxalq sərgilərdə iştirak əlverişli təşviq mexanizmidir

Bakı, 9 aprel, AZƏRTAC
Qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, ixracın və investisiyaların təşviqi, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi, ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb edilməsi istiqamətində sistemli və ardıcıl işlər aparılır. Yerli məhsullarımızın daha çox tanıdılması və satışının artırılmasında biznes dairələrinin iştirakı ilə xarici ölkələrdə keçirilən müxtəlif formatlı işgüzar tədbirlər əhəmiyyətli rola malikdir.
AZƏRTAC xəbər verir ki, bu sahədə sərgilər, işgüzar görüş və müzakirələr əlverişli mexanizm hesab oluna bilər. Belə tədbirlərdə qida, kənd təsərrüfatı, tekstil, tikinti və inşaat, kimya, sənaye və sair sahələr üzrə ölkəmizdə istehsal olunan məhsul və xidmətlər “Made in Azerbaijan” brendi ilə dünyanın müxtəlif ölkələrində ixracatçılara tanıdılır və təşviq olunur. Bu baxımdan beynəlxalq sərgilərdə iştirak “Made in Azerbaijan” brendinin ən önəmli təşviq mexanizmlərindəndir. Mexanizmin tətbiqindən etibarən Azərbaycan sahibkarlarının İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 36 beynəlxalq sərgidə iştirakı təmin olunub.
2020-ci ildə təşkil olunmuş beynəlxalq sərgilərdə iştirak nəticəsində 15 milyon manatlıq müqavilələr imzalanıb, ümumi dəyəri 10 milyon manatdan çox məhsul ixrac olunub. Bu il Azərbaycan sahibkarlarının iştirak etdiyi sərgilər sırasında “Mosbuild 2021” tikinti və inşaat sərgisi xüsusi qeyd edilməlidir. Pandemiya səbəbindən ötən il təxirə salınan sərgidə bu il dünyanın 40 ölkəsindən 1200-dən çox şirkət iştirak edib. Azərbaycan sərgidə tikinti və inşaat sahəsində fəaliyyət göstərən 10-dan çox şirkətlə təmsil olunub. Sərgi çərçivəsində azərbaycanlı sahibkarlar öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirməklə yanaşı, bir çox ölkələrdən olan potensial alıcılarla görüşlər keçirmək, ixraca dair danışıqlar aparmaq imkanı əldə ediblər.
Cari ilin əvvəlindən Azərbaycan şirkətləri “Mosbuild 2021” sərgisi ilə yanaşı, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Gulfood 2021” sərgisində iştirak edib. Həmçinin hazırda Azərbaycan istehsalı məhsullar Çin Xalq Respublikasının Çendu şəhərində keçirilən və aprelin 3-9-nu əhatə edən "China Food and Drinks Fair and Taowine Hotel Show” sərgisində nümayiş etdirilir.
Ölkəmizdə işgüzar mühitin davamlı olaraq yaxşılaşdırılması, sənaye istehsalının artırılması, qeyri-neft sektorunun inkişafı Azərbaycan məhsullarının xarici bazarlara çıxış potensialını daha da artırır, yuxarıda qeyd olunan mexanizmlər isə biznes üçün əlavə imkanlar yaradır.

 

Sərgilər 2021-04-09 11:55:00