×
A
A
A
Sazlamalar

Çendu şəhərində Azərbaycanın şərabçılıq mədəniyyətinə dair master-klass keçirilib

Pekin, 5 aprel, AZƏRTAC
Azərbaycan şərablarının Çinin alkoqollu içkilər sahəsində ən nüfuzlu sərgiləri hesab edilən “Spring Taowine” və Çin qida və içkilər sərgisində (CFDF) nümayişi çərçivəsində Sıçuan vilayətinin paytaxtı Çendu şəhərində Azərbaycanın şərabçılıq mədəniyyətinə həsr edilmiş master-klass keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəliyinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Azərbaycan məhsullarının Çinə idxalı ilə məşğul olan Çinin “Sino-Foreign Economic Cooperation” şirkətinin dəstəyi ilə baş tutan master-klassda 100-dək iştirakçı, o cümlədən Çinin tanınmış şərab ekspertləri, idxalçılar və şərab şirkətlərinin təmsilçiləri qatılıb.
Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iki ölkə arasında ticari-iqtisadi münasibətlər barədə danışarkən qeyd edib ki, Çin Baş Gömrük Administrasiyasının statistikasına əsasən, ötən il Azərbaycanın Çinə şərab ixracı 16 faiz artıb. O bildirib ki, Çin bazarında dünyanın müxtəlif ölkələrindən olan şərabçılıq məhsulları arasında böyük rəqabət olsa da, yüksək keyfiyyətə və əlverişli qiymətə sahib olan Azərbaycan şərablarının bu bazarda uğur əldə etməsi kifayət qədər realdır.
Ticarət nümayəndəsi 2019-cu ildə Şanxay şəhərində keçirilmiş nüfuzlu IWC (International Wine Challenge) şərab yarışında Azərbaycan şərablarının 30-dan çox müxtəlif mükafat qazandığını xüsusi vurğulayıb. O, Sıçuan vilayətində Azərbaycan məhsullarının, eləcə də şərablarının satışının artırılması və təşviqinin genişləndirilməsi məqsədilə yaxın zamanda Çendu şəhərində Azərbaycan ticarət evinin açılmasının planlaşdırıldığını bildirib.
Çinin “Sino-Foreign Economic Cooperation” şirkətinin vitse-prezidenti Van Doncian təmsil etdiyi şirkətin Azərbaycandan 100 növdən çox məhsul idxal etdiyini və bu idxalın getdikcə daha da genişlənəcəyini deyib. O, Çinin müxtəlif şəhərlərində şirkət tərəfindən açılmış və açılması planlaşdırılan Azərbaycan ticarət evləri haqqında geniş məlumat verib.
Sonra Böyük Britaniyanın Şərab Ustaları İnstitutunun (Institute of Masters of Wine) dünya miqyasında 416 xüsusi lisenziyalı məşhur şərab somelyelərindən biri, bu lisenziyaya sahib olan və hazırda Çində yaşayan 5 somelyedən biri olan britaniyalı Kassidi Dart təqdimatla çıxış edərək Azərbaycan şərabçılığının tarixi, inkişafı və potensialı haqqında danışıb. Bildirib ki, Azərbaycan şərabçılıq mədəniyyətinin 7 min ilə yaxın tarixi var, hətta yunan tarixçi Strabon da o dövrdəki Qafqaz Albaniyasında üzümün yetişdirilməsi haqqında geniş məlumat verib. Qeyd olunub ki, “Kitabi Dədə Qorqud” dastanında da Azərbaycanın şərabçılıq mədəniyyəti haqqında danışılır.
K.Dart Azərbaycanın yerli üzüm növləri olan “Mədrəsə” və “Bayan Şirə” haqqında da ətraflı məlumat verib.
Sonda tanınmış somelye 5 növ üzüm və bir növ nar şərabının dequstasiyasını keçirərək hər bir şərab növü haqqında öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.
Qeyd edək ki, Azərbaycanın şərab və digər alkoqollu içkilərinin də nümayiş olunduğu Çendu şəhərində “2021 Spring Taowine” sərgisi davam edir. Aprelin 7-9-da isə məhsullarımız 104-cü CFDF sərgisində “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdiriləcək.

 

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Sərgilər 2021-04-05 11:31:00