×
A
A
A
Sazlamalar

Tbilisidə "31 mart soyqırımı qurbanlarını unutmadıq" adlı tədbir keçirilib

Tbilisi, 31 mart, AZƏRTAC

Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində “31 mart soyqırımı qurbanlarını unutmadıq" adlı anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşları, Gürcüstandakı Belarus İcmasının, Kazak Atamanları İcmasının, Bolqar icmasının rəhbərləri, politoloqlar və ictimaiyyət nümayəndələri, din xadimləri, Qarabağ və Abxaziya müharibəsi veteranları iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva tədbiri açdıqdan sonra şəhidlərin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şəhidlərin ruhuna dualar oxunub.
Səfirliyin məsul əməkdaşı Anar Rəsulov çıxış edərək ermənilərin zaman-zaman azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və terror aktları barədə ətraflı bəhs edib. O, həmçinin Azərbaycandakı dini icmaların 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dünyanın aparıcı dövlətlərinə və parlamentlərinə, beynəlxalq təşkilatlara müraciəti barədə məlumat verib. Diplomat ermənilərin həyata keçirdiyi soyqırımı, terror və digər qanlı cinayətləri tarixi faktlarla diqqətə çatdırıb.
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi hacı Ramin İgidov, İkinci Qarabağ müharibəsi qazisi Fərid Camal, Abxaziya müharibəsi veteranı Qəhrəman Musayev, Gürcüstandakı Kazakların Baş Atamanı Vasili Kadinets, Belarus İcmasının sədri Aleksey Baxoldin, Gürcüstan Vəkillər Kollegiyasının üzvü Fərhad Musayev və başqaları çıxış edərək ermənilərin Azərbaycanda və Gürcüstanda, eləcə də dünyanın bir çox ölkələrində törətdikləri terror aktları, vandalizm və digər vəhşilikləri barədə danışıblar.
Çıxışlarda qeyd olunub ki, kimliyindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq, hamı bir nəfər kimi soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etməli, bütün sülhsevər insanlar vahid sülh ideyası ətrafında birləşməli, terrorizmə, soyqırımına və faşizmə qarşı birgə mübarizə aparmalıdır.
Beynəlxalq təşkilatlar, nəhayət bu faciələrə hüquqi və siyasi qiymət verməlidirlər.
Tədbirdə Azərbaycanlıların Soyqırımı Günündən bəhs edən sənədli film nümayiş etdirilib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

31 mart 2021-03-31 21:07:00