×
A
A
A
Sazlamalar

Moldova mətbuatında Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra məqalələr dərc edilib

Kişineu, 31 mart, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyinin təşəbbüsü ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Moldovanın nüfuzlu və tanınmış bir neçə xəbər portalında müəllifi azərbaycanlılar olan təbliğat yazıları dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun “noi.md”də yayımlanan məqaləsində erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından bəhs edilir.
Məqalədə daşnak-bolşevik birləşmələrinin 1918-ci ildə Bakıda və digər rayonlarda törətdikləri qırğınlar barədə həqiqətlər yer alır. Həmçinin bildirilir ki, bu illərdə - Birinci Dünya müharibəsi dövründə azərbaycanlıların ən böyük etnik təmizlənməsi həyata keçirilib. İnsanlığa sığmayan qətllər zamanı ermənilər insanları diri-diri yandırır, evlərə od vurur, milli memarlıq inciləri sayılan tarixi abidələri, eləcə də məktəbləri, xəstəxanaları, məscidləri dağıdırdılar. Ümumən isə onlar Bakının böyük hissəsini xarabalığa çevirdilər.
Qüdsi Osmanov məqalədə onu da qeyd edir ki, SSRİ dövründə 1918-ci il mart hadisələri xüsusilə araşdırılmayıb, çünki hakim dairələrdə çox sayda ermənilər var idi. Beləliklə, istintaq zamanı şahid ifadələri sənədlərdən çıxarılırdı. Əksər hallarda isə şahidlərin ifadələri ermənilər tərəfindən alınırdı. Daha sonra həqiqətləri gizlətməkdə maraqlı olan qüvvələr, o dövrdə baş verən hadisələrə dair arxiv materiallarını tamamilə məhv ediblər.
Yalnız 80 il sonra həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Milli Məclis sədrinin müavini Adil Əliyevin nüfuzlu “tribuna.md”də yayımlanan məqaləsində müəllif ilk olaraq 1918-ci ildə nə üçün erməni-bolşevik silahlı birləşmələri tərəfindən 50 min azərbaycanlının öldürülməsi sualını qoyur. Daha sonra hadisələri tarixi aspektdən təhlil edir və soyqırımı haqqında çoxşaxəli yanaşma təqdim edir.
Həmçinin sədr müavini soyqırımı cinayətinin hüquqi əsası barədə BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı da xatırladır. Konvensiyaya görə, soyqırımı hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. İnsanlıq əleyhinə cinayətin tərkibini təşkil edən və bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart hadisələri zamanı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilib və hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir.
Qeyd edək ki, hər iki məqalə rus və rumın dillərində dərc edilib.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

31 mart 2021-03-31 20:56:00