×
A
A
A
Sazlamalar

“Xocalıdan öyrənək: Amerikalılar Cənubi Qafqaz regionundan nə öyrənə bilərlər?” mövzusunda videokonfrans keçirilib

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və “Expactancy Advisory LLC”nin təşkilatçılığı ilə “Xocalıdan öyrənək: Amerikalılar Cənubi Qafqaz regionundan nə öyrənə bilərlər?” mövzusunda videokonfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Expactancy Advisory LLC”nin təsisçisi Kordel Karterin moderatorluğu ilə keçən tədbirdə xarici siyasət üzrə analitik və hüquq məsləhətçisi Hamdi Rifai, İqtisadi Barış Mərkəzinin redaktoru Reyçel Avraham, Azərbaycan Diaspor Gənclərinin üzvü, Şimali Karolina ştatının Roli şəhərində yaşayan soydaşımız Adika İqbal iştirak ediblər.
Konfransda çıxış edən Adika İqbal bildirib ki, əvvəllər ABŞ mediasında çox az rast gəlinən Cənubi Qafqaz mövzusu hazırda, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra daha çox işıqlandırılır. Qeyd edilib ki, bu məsələdə Azərbaycan diasporunun da böyük əməyi var. “Çünki Tovuz hadisələrindən sonra çox fəallaşan Azərbaycan diasporu birləşməyə nail olub. Erməni diasporu dezinformasiya yaymaq, həqiqətləri gizlətmək və amerikalı siyasətçilər tərəfindən yalanlarının dəstəklənməsi üçün sponsor olmaq baxımından çox fəal idilər. Ancaq indi ən azından “Twitter”də həştəqlərimizi trendləşdirmək, elektron poçt vasitəsilə məktublar yazaraq amerikalı siyasətçiləri məlumatlandırmaq, yalan və ya saxta xəbərləri yayanları qınamaq üçün Diasporla İş üzrə Dövlət Komitəsi ilə daim əlaqədəyik”, - deyə o vurğulayıb.
Amerikalı siyasətçiləri təhlükəli erməni diasporunun yalanlarına qulaq asmaqdansa, öz araşdırmalarını faktlar əsasında aparmağa çağıran həmyerlimiz onları və digər amerikalıları Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfər etməyə, erməni işğalçılarının təkcə insanlarımıza deyil, ekologiyaya, tarixi-mədəni və dini abidələrimizə qarşı törətdikləri terroru öz gözləri ilə görməyə çağırıb. Bildirib ki, Xocalı qətliamını törədənlər hələ də azadlıqdadırlar. Onlardan biri Ermənistanın keçmiş prezidenti Serj Sarkisyandır. Azərbaycan və beynəlxalq jurnalistlərinin, diasporun bütün faktları, fotoları, videoları təqdim etmələrinə baxmayaraq, indiyədək ABŞ-ın bəzi ştatları və bir sıra ölkələr bu faciəni soyqırımı aktı kimi tanımayıb. Biz Xocalıya ədalət tələb edir, cinayətləri törədənlərin məsuliyyətə cəlb olunmasını istəyirik.
Sonra çıxış edən Reyçel Avraham deyib ki, Azərbaycan tolerant ölkədir və burada yaşayan insanlar bütün dinlərə hörmətlə yanaşırlar. Xocalının soyqırımı olduğunu, oradakı sakinlərin məhz azərbaycanlı olduqları üçün öldürüldüklərini vurğulayan ekspert İsrailin Azərbaycanın əzəli dostu olduğunu nəzərə çatdırıb. Bildirib ki, Ermənistan ilə Azərbaycan arasında uzun illər davam edən problem dini səciyyə daşımır. Bu səbəbdən münaqişə haqqında danışan siyasətçiləri diqqətli olmağa çağıran natiq ABŞ-ın xristian ölkə olduğuna görə bəzi hallarda Ermənistanın tərəfini tutmasına etirazını bildirib.
Hamdi Rifai isə ABŞ konqresmenlərinin bəzən erməni lobbisinin təsiri altına düşərək, yanlış qərarlar qəbul etmək cəhdlərini pisləyib, erməni diasporunun yanlış fikirlər və məlumatlar yaydığını, çaşqınlıq yaratmaq istədiyini bildirib. Qeyd edib ki, çox zəngin təbiətə malik olan, mühüm strateji mövqedə yerləşən, ABŞ-ı terrorizmlə mübarizədə birmənalı şəkildə dəstəkləyən Azərbaycan Cənubi Qafqaz regionunda Birləşmiş Ştatların ən yaxın müttəfiqidir və iki ölkə arasında strateji tərəfdaşlığın davam etməsi çox vacibdir.

Xocalı faciəsi 2021-03-04 19:15:00