×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanları Sloveniyada da yad edilib

Maribor, 27 fevral, AZƏRTAC

Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Nova Qoritsa şəhərində fəaliyyət göstərən Sloveniya-Azərbaycan Dostluq Assosiasiyasının və yerli ictimaiyyətin nümayəndələri, həmçinin Assosiasiyanın rəhbəri Andrey Kompara, yerli bələdiyyə təmsilçisi İqor Yurişiç, Sloveniya parlamentinin keçmiş üzvü, Kunqota bələdiyyəsi sədrinin müavini Rudi Matyaşiç və digər şəxslər Dobrava Memorial Park Kompleksinin ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunmuş xatirə lövhəsinin önünə əklillər qoyublar.
Qeyd edək ki, 2012-ci ildə Avropanın Mədəniyyət paytaxtı elan edilən Maribor şəhərində yerləşən Memorial Kompleksdə günahsız insanlara qarşı bəşəri cinayətlərin və müharibələrin ittiham olunduğu abidə və xatirə lövhələri mövcuddur. Xocalıya həsr olunan xatirə lövhəsinin də daxil olduğu bu abidələr gələcək nəsillərə humanizm və sülhpərvər dəyərlərin ötürülməsi, gənc nəsil arasında bu dəyərlərin təbliğ olunmasında böyük əhəmiyyət daşıyır.
Memorial Park təkcə yerli ictimaiyyət üçün deyil, beynəlxalq ictimaiyyət üçün açıq olan və bir çox ali dəyərləri özündə ehtiva edən rəmzi məkana çevrilib. Mədəni irs nümunəsi kimi UNESCO tərəfindən qorunan Dobrava Memorial Parkı Kompleksinin ərazisində Xocalı qurbanlarına həsr olunmuş xatirə lövhəsinin rəsmi açılışı ötən ilin mayında baş tutub.


Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Maribor 

Xocalı faciəsi 2021-02-27 15:57:00