×
A
A
A
Sazlamalar

Niderlandın “Life24” kanalında Xocalı soyqırımından danışılıb

Bakı, 27 fevral, AZƏRTAC
Niderlandda fəaliyyət göstərən “Life24” kanalının “Hollanda gündəmi” proqramında Beynəlxalq Azərbaycanlı Xanımlar Klubunun təşkilatçılığı ilə Xocalı qətliamından danışılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, proqramın qonaqları Azərbaycanın Niderland Krallığındakı səfiri Fikrət Axundov, Milli Məclisin deputatı Ramin Məmmədov, Dövlət İdarəçilik Akademiyasının baş müəllimi Zaur Məmmədov, Fransada fəaliyyət göstərən “Alim” Elmi Assosiasiyasının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Günel Səfərova və Xocalı soyqırımının canlı şahidi Əfsanə Ələkbərova olublar.
Qonaqlar 29 il əvvəl Xocalıda baş verənlər barədə ətraflı məlumat verib, bu soyqırımına aparan ictimai-siyasi proseslər, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, erməni faşizminin ifşa olunması istiqamətində Azərbaycan dövlətinin və diaspor təşkilatlarının fəaliyyəti barədə danışılıb.
Aparıcının suallarını cavablandırarkən Günel Səfərova pandemiya məhdudiyyətləri ilə əlaqədar Fransada tədbirləri internet üzərindən həyata keçirdiklərini, fevralın 23-də fransız dilində “Xocalı soyqırımının müxtəlif aspektlərdən təhlili” mövzusunda vebinar təşkil etdiklərini bildirib.
G.Səfərova Fransada Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində qarşılaşdığı çətinliklərdən də danışıb. O diqqətə çatdırıb ki, erməni lobbisinin qatı millətçi qanadının nümayəndələri Parisdə Xocalı soyqırımı ilə bağlı təşkil olunan anım mərasimlərinə dəfələrlə basqın edib və ağlasığmaz azğınlıqlar ediblər.

Xocalı faciəsi 2021-02-27 13:26:00