×
A
A
A
Sazlamalar

Almaniya portalında Adil Şəmiyevin “Xocalı: “Qara bağ”da sonsuz iztirablar” sərlövhəli məqaləsi dərc edilib

Berlin, 27 fevral, AZƏRTAC

Almaniyanın “trtdeutsch.com” internet-portalında Bundestaqın və DAAD proqramının təqaüdçüsü Adil Şəmiyevin “Xocalı: “Qara bağ”da sonsuz iztirablar” sərlövhəli məqaləsi dərc edilib

(https://www.trtdeutsch.com/meinung/chodschali-nicht-enden-wollendes-leid-im-schwarzen-garten-4560618).
AZƏRTAC xəbər verir ki, məqalə müəllifinin sözlərinə görə, Qarabağda - Cənubi Qafqazın bu narahat regionunda silahlı münaqişələr hələ də davam edir. Burada müharibə, işğal və yerli əhaliyə qarşı etnik təmizləmələr faciəli izlər qoyub. Şəmiyevin fikrincə, münaqişələrin həllinin ən yaxşı üsulu onların rüşeym halında qarşısını almaq, yəni belə münaqişələri qabaqlamaq məqsədilə profilaktik tədbirlər görməkdir.
Hazırda Dağlıq Qarabağda rusiyalı sülhməramlıların nəzarəti altında olan kiçik Xocalı şəhərinin faciəsini Azərbaycan xalqının qanlı yarası hesab edən müəllif həmin faciə qurbanlarının kədərli statistikasını əlavə edir.
Bütün dünya azərbaycanlıları hər dəfə Xocalı faciəsini xatırlayanda yenə beynəlxalq birliyə müraciət edərək, ümidvar olduqlarını bildirirlər ki, Ermənistan hökuməti bu ölkə tərəfindən insanlıq əleyhinə törədilmiş cinayətlərə görə beynəlxalq cinayət məhkəməsində məsuliyyətə cəlb ediləcək. Şəmiyev daha sonra “soyqırımı” termininin mənasını açıqlayır.
Müəllif yazır: “Ədalət mühakiməsi işıq kimidir: onun nə olduğunu bilmirsən, amma o yoxa çıxanda bunu hiss edirsən”.
Şəmiyev məqalənin sonunda vurğulayır ki, Xocalıda qətlə yetirilmiş təqsirsiz və əliyalın insanların qohumları ədalət tələb edirlər. Söhbət kimisə cəzalandırmaqdan yox, ədalətin təntənəsindən gedir ki, gələcəkdə dünyada bu cür faciələr təkrarlanmasın.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2021-02-27 11:43:00