×
A
A
A
Sazlamalar

Xocalı soyqırımı qurbanlarının xatirəsi Murmanskda yad edilib

Bakı, 26 fevral, AZƏRTAC

"Azərbaycan" Mədəniyyət Mərkəzi Murmansk regional ictimai təşkilatı və Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Rusiya Federasiyasının Murmansk vilayətindəki şöbəsi Murmanskda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş mərasim təşkil ediblər. Xocalı faciəsinə həsr olunmuş fotosərgi və kitab sərgisi təşkil edilib.
"Azərbaycan" Mədəniyyət Mərkəzi” Murmansk regional ictimai təşkilatı və AMOR-un yerli nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, şəhərin Azərbaycan və digər diasporlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən "Azərbaycan Mədəniyyət Mərkəzi" Murmansk regional ictimai təşkilatının sədri Afil Hüseynov Xocalıda azərbaycanlıların soyqırımının Ermənistanın Azərbaycana təcavüzü nəticəsində başlanan Qarabağ müharibəsinin ən qanlı faciəsi olduğunu vurğulayıb.
Birliyin milli mədəniyyət mərkəzinin sədri Oksana Mogilina, Qadınlar Şurasının sədri Leyla Nəsirova, "Azərbaycan Mədəniyyət Mərkəzi" Murmansk Vilayət İctimai Təşkilatının sədr müavini Hüseynalı Hüseynov, tələbələr və başqaları çıxışlarında qeyd ediblər ki, erməni tərəfi şəhərə hücumda 366-cı motoatıcı alayın döyüş maşınlarının ekipajlarla birlikdə iştirak etdiyini gizlətmirdi. Onlar faktiki olaraq etnik təmizləmə prosesində muzdlular kimi fəaliyyət göstərirdilər.
Soydaşlarımız qeyd ediblər ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət edərək 2020-ci ilin şərəfli Qələbə ilimiz olaraq tarixdə qalacağını söylədi. 44 gün ərzində Ermənistanı məğlub etdikdən sonra Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etdi. Bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu, tarixi bir Zəfərdir. Biz tarixi ədaləti bərpa etdik.

Xocalı faciəsi 2021-02-26 22:53:00