×
A
A
A
Sazlamalar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Bakı, 26 fevral, AZƏRTAC

Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) anım mərasimi keçirilib.
ADBTİA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən tədbirdə Akademiyanın rektoru Fuad Hacıyev, təhsil müəssisəsinin elmi şurasının üzvləri, ASAPES-SABAH qrupun tələbələri və tədrisi ingilis dilində aparılan proqramlar üzrə magistrantlar iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, soyqırımına dair film nümayiş olunub.
Akademiyanın mətbuat xidmətinin rəhbəri, Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev tədbirdə çıxış edərək Xocalı faciəsinin dünya tarixinin ən qəddar soyqırımı aktı olduğunu bildirib.
Çıxış edən tələbələr erməni faşistlərinin törətdikləri bu qanlı cinayətlə bağlı fikirlərini bölüşüblər.
Akademiyanın rektoru Fuad Hacıyev Xocalı soyqırımının əsas mahiyyəti barədə geniş məlumat verib. O, hər bir xalqın, millətin şanlı tarixi, qəhrəmanlıq səhifəsi olduğunu bildirərək deyib ki, Azərbaycan dövlətinin dünəni və bu günü hamımızın qürur mənbəyidir. F.Hacıyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun tarixi Qələbəsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Xocalı faciəsi 2021-02-26 18:40:00