×
A
A
A
Sazlamalar

Hindistan ictimaiyyəti Xocalı soyqırımı haqqında məlumatlandırılır

Pekin, 26 fevral, AZƏRTAC

Azərbaycanın Hindistandakı səfirliyində bu ölkənin gənclər təşkilatları və universitet nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfir Əşrəf Şıxəliyev Xocalı soyqırımı haqqında ətraflı məlumat verib, gələcəkdə oxşar faciələrin yaşanmaması üçün bu soyqırımı qurbanlarının yad edilməsinin vacibliyini vurğulayıb. Ötən ilin payızında 44 gün davam etmiş Vətən müharibəsindən danışan səfir, Gəncə, Tərtər, Bərdə şəhərlərinin mülki əhalisinin ballistik raketlər və kasetli bombalarla atəşə tutulduğunu bildirib, bununla Xocalıda törədilən cinayətlərdən 28 il sonra Ermənistanın yenə də mülki əhaliyə qarşı aqressiv siyasətinin təkrarlandığını deyib.
Tədbirdə Xocalı soyqırımına dair hind dilində altyazılarla videolar nümayiş etdirilib. Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, onlara Xocalı soyqırımından bəhs edən kitab, jurnal və broşuralar paylanılıb.
Qonaqlar səfirlikdə Xocalı soyqırımı ilə bağlı yaradılmış xatirə guşəsinin önünə güllər qoyub, şamlar yandırıblar, bu cinayətin qurbanlarını ehtiramla yad ediblər. Xocalıda qətlə yetirilmiş 613 günahsız insanın xatirəsinə üzərində "Xocalı 613" yazılmış qara rəngli şarlar səmaya buraxılıb. Sonda ehsan süfrəsi açılıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xocalı faciəsi 2021-02-26 18:32:00