Akademik İradə Hüseynova: Bu gün biz Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib xalq kimi yad edirik
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən bütün beynəlxalq hüquq normaları pozularaq, 366-cı motoatıcı alayın köməyi ilə Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeridilib. Nəticədə aralarında uşaqlar, qadınlar və qocalar olmaqla 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Həmin gecə təcavüzkar erməni millətçilərinin və sərsəm “böyük Ermənistan” ideoloqlarının etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində dünyanın ən dəhşətli qırğınlarından biri törədilib. Xocalı soyqırımı Azərbaycan xalqını sarsıtsa da, onun qələbə ruhunu öldürə bilmədi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı geniş tədbirlərlə qeyd edilir. Azərbaycan xalqı heç zaman soyqırımı qurbanlarını unutmayacaq. Akademik bildirib ki, bu gün biz bu faciəni qalib xalq kimi qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu, Xocalı faciəsinə verilə biləcək ən ədalətli cavabdır.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvləri Novruz Quliyev, Tərlan Məmmədov, İbrahim Əzizov, biologiya üzrə elmlər doktorları Şahniyar Bayramov, Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktorları İsmayıl Zülfüqarov, Ələmdar Məmmədov, Ulduza Qurbanova, institutun gənc əməkdaşları Aynurə Paşayeva, Aygün Sadıqova və Nərgiz Bayramova bu il Xocalı faciəsinin ildönümünün başqa bir əhval-ruhiyyə ilə qeyd olunduğunu vurğulayıblar.
Tədbirdən sonra institutun bir qrup əməkdaşı Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə əklil qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib
“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb
“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır