×
A
A
A
Sazlamalar

Biz Xocalı qətliamını heç vaxt unutmamalıyıq

Bakı, 26 fevral, AZƏRTAC

Əslən Şuşa şəhərindən olan, 72 yaşlı Xətai rayon sakini Tahirə Ələkbərova hər il olduğu kimi, bu il də Xocalı soyqırımı abidəsini ziyarət etməyə gəlib.
AZƏRTAC-a müsahibə verən ahıl qadın bildirib ki, erməni quldur dəstələrinin məhvi ilə nəticələnən 44 günlük Vətən müharibəsi Ordumuzun, Azərbaycan əsgərinin nəyə qadir olduğunu bir daha göstərdi. Bununla da Xocalıda həlak olan günahsız insanların - şəhidlərin qisası alındı: “Əminliklə deyə bilərəm ki, ermənilərin belini qırdıq, başını əzdik, iti qovan kimi qovduq. Xocalı faciəsi xalqımızın qan yaddaşıdır. Biz bu qətliamı heç vaxt unutmamalıyıq”.
T.Ələkbərova onu da vurğulayıb ki, 44 günlük Vətən müharibəsində müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti və qətiyyəti nəticəsində tarixi Qələbə qazandıq. Ordusuna güvənən Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında sıx birləşdi. Qələbəmizin təməlində həm də dövlət başçımızın düşünülmüş xarici və daxili siyasəti dayanır.

 

Xocalı faciəsi 2021-02-26 15:09:00