×
A
A
A
Sazlamalar

Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 26 fevral, AZƏRTAC
Arxeologiya və Etnoqrafiya İnstitutunda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş onlayn tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova Xocalı faciəsinin XX əsrdə bəşəriyyətə qarşı törədilmiş cinayətlər içində amansızlığı və qəddarlığı ilə seçildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımına siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıdandan sonra verilib, qətliamın dünya miqyasında tanınması üçün mühüm işlər Prezident İlham Əliyevin təşəbbüsü ilə indi də davam etdirilir. Xocalı həqiqətlərinin dünya miqyasında tanınması istiqamətində sistemli iş aparılması üçün 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına başlanılıb. Görülən işlər nəticəsində 20-dən çox ölkənin parlamentləri tərəfindən Xocalı soyqırımı tanınıb və bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilib.
M.Rəhimova bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərlərinin şücaəti sayəsində torpaqlarımız ötən ilin oktyabr-noyabr aylarında işğaldan azad edildi və Xocalı soyqırımı qurbanlarının qisası alındı.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsini anıblar.
İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli bildirib ki, Xocalı faciəsinin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, habelə diaspor təşkilatları mühüm işlər görüblər.
Müəssisənin şöbə müdiri, professor Hidayət Cəfərov Xocalı şəhəri ətrafında aparılan tədqiqatlardan söz açıb. Bildirib ki, 1981-ci ildə üç ay müddətində Xocalı və ətrafında yerləşmiş abidələrin tədqiqində iştirak edib, ərazidəki azərbaycanlı yaşayış məskənlərinin iqtisadi durumunun şahidi olub.
Şöbə müdiri Akif Quliyev deyib: “Xocalı hadisələri zamanı biz institutda oxuyurduq. Bu qətliam bizə çox pis təsir etdi. Biz bir azərbaycanlı olaraq məhz bu hadisələrə görə ermənilərə nifrət etdik. Birinci Qarabağ müharibəsində torpaqlarımızın itkisi, 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğal altında qalması, Xocalıda törədilmiş soyqırımının cavabı məhz Qələbə ilə nəticələnən 44 günlük müharibədə oldu”.
Daha sonra Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərov deyib: “Bu gün bəşəriyyət tarixində, insanlıq tarixində ən böyük faciələrdən birinin anım günüdür. İyirmi doqquz il əvvəl Azərbaycanın əzəli torpağı olan Xocalıda qətliam törədildi. Bütün bu hadisələri törədənlər M.Qorbaçov və erməni terror təşkilatları idi. Erməni xalqı, bəşəriyyət bu yırtıcı əməllərdən ibrət dərsi götürməlidir”.
İnstitutun şöbə müdiri Pərviz Qasımov qeyd edib ki, Xocalı soyqırımının 29-cu ildönümü əvvəlki illərdən fərqlənir. Bu il Xocalı faciəsi qurbanlarının qisası alınıb.

Xocalı faciəsi 2021-02-26 14:23:00