×
A
A
A
Sazlamalar

“Times Kuwait” qəzeti: “Azərbaycan 20 Yanvar şəhidlərini yad edir”

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Küveytin həftəlik “Times Kuwait” qəzetinin saytında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı səfirliyin təşəbbüsü ilə “Azərbaycan 20 Yanvar şəhidlərini yad edir” başlıqlı məqalə dərc olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.
Məqalədə bildirilib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının ağır faciələrindən biri olmaqla yanaşı, tariximizin qəhrəmanlıq səhifələrindəndir.
Qeyd olunub ki, o zamankı SSRİ rəhbərliyinin apardığı yanlış idarəetmə siyasəti, ermənilərin separatizmini dəstəkləməsi və Azərbaycan xalqının apardığı mübarizə imperiyanın parçalanmasına və müstəqil Azərbaycan Respublikasının yaradılmasına şərait yaratdı.
Məqalədə, həmçinin 1987-1989-cu illərdə Ermənistandan 250 000 azərbaycanlının etnik təmizləmə siyasətinə məruz qalması, Qanlı Yanvar hadisələrində azərbaycanlılara qarşı kütləvi qırğın həyata keçirilməsi, ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək hadisələrə öz kəskin etirazını bildirməsi kimi faktlar Küveyt oxucularının diqqətinə çatdırılıb.
Azərbaycanda bütün millətlərin tarix boyu sülh və dostluq şəraitində yaşaması qeyd olunub, onların Azərbaycan vətəndaşları olmaqdan fəxr duyduqları və Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canlarından keçməyə hazır olduqları bildirilib.
Belə ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsində biz bunun bir daha şahidi olduq və Azərbaycan xalqının birliyi 44 gün ərzində bizim işğalçı Ermənistan üzərində qələbəmizlə başa çatdı. Sonda bir daha şəhidlərin əziz xatirəsi “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə yad edilib və onların canı və qanı bahasına Azərbaycanın müstəqillik və qələbə əldə etdiyi vurğulanıb.

20 yanvar 2021-01-19 18:32:00