×
A
A
A
Sazlamalar

20 Yanvar azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsidir

Balakən, 19 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

20 Yanvar xalqımızın azadlıq mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan xalqı öz qəhrəman övladlarının fədakarlığını həmişə yüksək qiymətləndirir, müstəqilliyə və azadlığa qovuşmaq üçün canlarından keçən övladları ilə fəxr edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar yanvarın 19-da Balakən və Zaqatala rayon Heydər Əliyev mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilən “20 Yanvar - azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi” adlı videokonfransda səsləndirilib.
Balakən, Zaqatala və Samux rayon Heydər Əliyev mərkəzlərinin rəhbər və əməkdaşlarının, mədəniyyət işçilərinin və məktəb şagirdlərinin iştirak etdiyi tədbirin əvvəlində Qanlı Yanvar faciəsindən bəhs edən “20 Yanvar - qanlı imperiyanın sonunun başlanğıcı” adlı film nümayiş olunub.
Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Samux Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxış edərək, 20 Yanvar hadisələrinin cinayətkar mahiyyəti, onu doğuran səbəblər, faciənin acı nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzə etiraz edən, müstəqillik ideyaları uğrunda mücadilə aparan Azərbaycan xalqının inam və iradəsini qırmaq məqsədilə sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı ən qanlı cinayətlərdən biri törədilib.
Məruzə və çıxışlarda faciənin günahkarlarının üzə çıxarılmasında, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Tədbirin sonunda məktəb şagirdlərinin ifasında ərazi bütövlüyümüz və dövlət müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərə həsr olunan şeirlər səsləndirilib.

Regionlar 2021-01-19 18:25:00