×
A
A
A
Sazlamalar

Azərbaycanın milli maraqlarını uca tutan, hərbi-diplomatik, tarixi Qələbəmizi reallaşdıran müdrik dövlət xadimi

“Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki,

əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq

qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı,

məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. ...Bunun əsas şərti

ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün

yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

2018-ci il aprelin 18-də andiçmə mərasimindəki nitqindən

Bakı, 24 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğalı altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı.
AZƏRTAC Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovun “Azərbaycanın milli maraqlarını uca tutan, hərbi-diplomatik, tarixi Qələbəmizi reallaşdıran müdrik dövlət xadimi” adlı məqaləsini təqdim edir.

Azərbaycanın Vətən müharibəsindəki hərbi-diplomatik uğurları

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.
2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.
Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də isə Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirilməlidir.

Müasir beynəlxalq münasibətlərdə Azərbaycanın milli

maraqlara söykənən xarici siyasəti

Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginlik, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyəti daha da kəskinləşdirib. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.
Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində son 17 il ərzində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirilib. Nəticədə Azərbaycan yalnız beynəlxalq regionda gedən proseslərdə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanmışdır. Ona görə də bu gün dünyanı narahat edən və həyati əhəmiyyətli bir sıra problemlərdə aparıcı dövlətlərin başçıları Azərbaycan rəhbərinin mövqeyi ilə hesablaşırlar.
2003-cü ildən keçən müddət ərzində Azərbaycan xalqı və dövləti, sözün əsl mənasında, sürətli inkişaf dövrünü yaşayıb, problemlərin böyük hissəsi öz həllini tapıb, istənilən istiqamət üzrə konkret proqramlar icra edilib. Ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı, bütün sosial proqramların vaxtında yerinə yetirilməsi əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir.
Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım kimi Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir. Azərbaycanın Qoşulmama Hərəkatının sədri statusunda BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 150-dək dövlət tərəfindən dəstəklənməsi, xüsusi sessiyasının bu il dekabrın 3-4-də keçirilməsi və Prezident İlham Əliyevin sessiyada çıxışı beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, xüsusilə dövlətimizin başçısına olan böyük etimadın, eləcə də hörmətin növbəti göstəricisidir. Bu mühüm hadisələr onu təsdiq edir ki, artıq ölkəmiz təkcə regional məsələlər deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələrlə bağlı da öz sözünü deyir, qlobal təhlükələr zamanı mövqeyini ortaya qoyur.
Qeyd etmək lazımdır ki, 2020-ci ilin yanvar ayında 14-cü dəfə Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edən Prezident İlham Əliyev moderatorun “Avrasiyada indi böyük qüvvələr yerləşib, bir tərəfdən Rusiya, o biri tərəfdən Çin. Azərbaycanın Prezidenti kimi Siz birinci növbədə kimə zəng edərsiniz – Moskvaya, yoxsa Pekinə?” sualına cavab olaraq Prezident İlham Əliyevin “Bakıya” cavabı böyük önəm kəsb edir. Dövlət başçısının bu cavabı Azərbaycanın müstəqil, heç kimdən asılı olmayan, milli maraqların hər zaman uca tutulduğu siyasət yürütdüyünün bariz nümunəsidir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri dostluq, qarşılıqlı faydalı əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əsaslanır. Eyni zamanda, dövlət başçısı vurğuladı ki, Azərbaycan üçün onun milli maraqları həmişə birinci yerdədir və buna görə də müstəqillik illəri ərzində qazandığımız bütün nailiyyətlər xalqımızın müstəqilliyimizə sadiq olmasına, siyasi və iqtisadi sahələrdə çox ciddi islahatlar həyata keçirdiyimizə görə əldə olunub.

Regional təhlükəsizliyə və beynəlxalq əməkdaşlığa

xidmət edən enerji diplomatiyası

Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son 5 il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru, təbii ki, çox böyük yer tutur. Bu baxımdan, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantılarının keçirilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin fevralında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında diqqətə çatdırdı ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması təkcə kommersiya layihəsi deyildi: “Bu, bizim üçün dövlətçiliyimizi, iqtisadiyyatımızı gücləndirmək, insanlarımızın daha yaxşı həyatını təmin etmək layihəsi idi... Neft uğur qazanmaq, güclü ölkə qurmaq, insanlara normal həyat vermək, sabitlik, təhlükəsizlik, qonşularımızla harmoniyada yaşamaq üçün vasitələrdən, ən vacib vasitələrdən biri idi”. Bundan sonra Azərbaycana maraq artdı və 1996-cı ildə “Şahdəniz” sazişi imzalandı.
Hazırda Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təchizatının təmin olunmasında da çox mühüm rol oynamaqdadır. Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji layihələri ölkəmizi özünəməxsus iqtisadi modelə malik dövlət kimi səciyyələndirir. Son on altı il ərzində ölkəmizin təhlükəsizlik strategiyası uğurla həyata keçirilib, ilk növbədə, Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olunub, xarici enerji mənbələrindən asılılıq aradan qaldırılıb. Azərbaycan bu gün iqtisadi potensial baxımından regionun lider ölkəsidir. Cənubi Qafqaz iqtisadiyyatında onun payı 80 faizdən artıqdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci il sentyabrın 14-də 2050-ci ilə qədər uzadılıb. Hazırda “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlanıb.
2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminin, eləcə də XXV Xəzər Neft-Qaz Sərgisinin keçirilməsinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olub. Bununla yanaşı, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi iki dost və qardaş dövlətin münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir. Onu da qeyd etmək vacibdir ki, 2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri kimi qiymətləndirilməlidir. Bu Konvensiya ölkəmizin maraqlarının təmin edilməsi baxımından böyük diplomatik və siyasi uğurdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin ən mühüm seqmentlərindən biri və Avropanın enerji təhlükəsizliyində mühüm amil olan Trans-Anadolu qaz boru kəmərinin (TANAP) Avropa ilə birləşən hissəsinin açılış mərasimində bildirdi ki, TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda, enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan özü və qonşuları üçün enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu baxımdan, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın enerji siyasətinin təməli qoyulmaqla yanaşı, ölkəmizin enerji təhlükəsizliyi tam təmin edildi. Bundan əlavə, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, TAP və digər layihələr Azərbaycanın qlobal iqtisadiyyatda özünəməxsus iqtisadi modelə malik ölkə kimi səciyyələndirir.
Hazırda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edən və fəal investisiya yatıran yeganə ölkədir. Bu mühüm qlobal layihələr onu göstərir ki, artıq ölkəmiz bütün regional məsələlərdə əsas iştirakçıdır və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Regiondakı strateji əhəmiyyətli heç bir layihə Azərbaycanın razılığı olmadan reallaşa bilməz”. Nəticədə həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırıb, ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib.

Beynəlxalq təşkilatlarla münasibətlərin keyfiyyətcə

yeni müstəvidə inkişafı

Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir.
Bu illərdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişlənib. 2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” adlı mühüm sənəddə bir çox məsələlər öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Həmçinin 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün Yekun Bəyannaməsində də Alyans üzvlərinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək və hörməti öz əksini tapıb. Onlar regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasının zəruriliyini bildiriblər.
Bununla yanaşı, 2019-cu il oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi və ölkəmiz bu təşkilatda sədrliyə başladı. Bunun davamı olaraq, oktyabrın 25-26-da Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri, ümumilikdə isə 160-a yaxın ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdilər. Həmçinin Zirvə görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir. Bununla yanaşı, Zirvə görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən mühüm hadisə oldu. Ümumilikdə, özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi ölkəmizin böyük diplomatik uğurudur.
Bununla yanaşı, son iki ildə ölkəmizin ev sahibliyi etdiyi, eləcə də, dövlət başçısının təşəbbüsü ilə keçirilən bir sıra mühüm əhəmiyyət kəsb edən tədbirlər - 2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, 2019-cu ildə VII Qlobal Bakı Forumu, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü, Qoşulmama Hərəkatının Zirvə toplantısı, Dünya dini liderlərinin II Sammiti və digər möhtəşəm beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu xeyli yüksəldib.

Azərbaycan Prezidentinin Ermənistanın yalan üzərində qurulmuş

“yenilməzlik” mifologiyasını dağıtması tarixi Qələbəmizi şərtləndirdi

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmirdi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında və həmin il oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə görüşündə çıxışları zamanı tutarlı faktlarla sübut etdi. 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı, eləcə də iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətini ifşa edən Prezident İlham Əliyev Ermənistanın baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi.
Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr zamanı bəyan etdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və onların erməni dövləti var: “Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!”.
“Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir” fikrini bütün dünyaya bəyan edən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır və heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək, işğal edilmiş bütün torpaqlar işğalçılardan azad olunmalı, Azərbaycan vətəndaşları öz doğma yurdlarına qayıtmalıdırlar.
Dövlət başçısı İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmayacağını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirib. Eyni zamanda, bu mübarizədə ədalətin Azərbaycanın tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da öz prinsipial mövqeyindən dönməyəcək.
Azərbaycan Prezidenti deyib: “Əgər beynəlxalq birlik Ermənistanı törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb etmək istəmirsə, - necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, - biz özümüz onları məsuliyyətə cəlb edəcəyik. Biz özümüz onların cəzasını verəcəyik, özümüz onları cəzalandıracağıq və bizim cəzamız ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi cinayətkarlardır və biz bu cinayətkarları cəzalandıracağıq”.
Qeyd etmək vacibdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirilməklə yanaşı, düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifologiyasını darmadağın etdi. Bununla yanaşı, Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü 30 ildən artıqdır ki, yürütdüyü işğalçılıq siyasəti, xüsusilə müharibə cinayətlərinin mahiyyətini açmaqla bunun bütün region üçün yaratdığı ciddi təhdidləri, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin konkret faktlarla dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi.
Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edib. Xüsusilə son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı.
Nəticədə bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”
Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Daxili siyasət 2020-12-24 11:00:00