×
A
A
A
Sazlamalar

FAO: Son 20 ildə dünyada şirin su ehtiyatları 20 faizdən çox azalıb

Bakı, 28 noyabr, AZƏRTAC
3 milyarddan çox insan su çatışmazlığı hiss olunan kənd təsərrüfatı rayonlarında yaşayır. Mərkəzi Asiyada belə rayonlarda əhalinin təxminən 20 faizi yaşayır.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni hesabatında məlumat verilir.
FAO ekspertlərinin sözlərinə görə, planetdə adambaşına düşən şirin su ehtiyatları son 20 ildə 20 faizdən çox azalıb. Onlar su resurslarından daha səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayırlar.
“FAO-nun hesabatı həyəcan siqnalıdır. Kənd təsərrüfatında su çatışmazlığı problemini həll etmək üçün ən qısa müddətdə qəti tədbirlər görmək lazımdır”, – deyə təşkilatın rəhbəri Süy Dunyuy bildirib.
FAO-da qeyd edirlər ki, su ehtiyatlarının səmərəli idarə olunması, xüsusilə quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin tətbiqi, aqrar sektorda ən yeni texnologiyalardan istifadə, suvarma sistemlərinin modernləşdirilməsi, suya kvotaların tətbiq edilməsini nəzərdə tutur.
FAO-nun rəqəm və faktlardan ibarət olan məruzəsindən göründüyü kimi adambaşına alınan suyun ən yüksək göstəriciləri Mərkəzi Asiyada müşahidə olunur. Ən az inkişaf etmiş ölkələrdə əhalinin 74 faizinin təmiz içməli suya çıxışı yoxdur. 91 ölkənin kənd rayonlarının təmiz su ilə təmin edilməsi üzrə milli plan hazırlanıb. Lakin onlardan yalnız doqquzunun buna lazımi vəsait ayırdığı bildirilir.
Qeyd edək ki, bioyanacaq qazıntı yanacağı növlərindən 70-400 dəfə çox su tələb edir.

Ekologiya 2020-11-28 04:55:00