×
A
A
A
Sazlamalar

Görkəmli uşaq cərrahı, professor Çingiz Quliyevin həyatının illəri və izləri

Bakı, 24 noyabr, AZƏRTAC
Görkəmli uşaq cərrahı, tibb elmləri doktoru, professor, Əməkdar həkim Çingiz Quliyevin “Həyatımın illəri və izləri” kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitab ulu öndər Heydər Əliyevin xalqın tanınmasında ziyalıların rolu, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cəmiyyətimizin gələcəyi olan uşaqlar haqqında dəyərli fikirləri ilə başlanır.
Nəşrdə professor Çingiz Quliyevin həyatı, pedaqoji, elmi, cərrahi, ictimai və xeyriyyəçilik fəaliyyətindən bəhs olunmaqla yanaşı, elmi işlərinin, dərslik, dərs vəsaiti və proqramlarının, monoqrafiyalarının, müəllifi olduğu tədris-metodik vasitələrin, ixtiralarının və səmərələşdirici təkliflərinin, elmi araşdırmalarının nəticələrinə həsr olunmuş məqalə və tezislərinin, simpoziumlarda və digər elmi tədbirlərdə, KİV-də çıxışlarının, haqqında dövri mətbuatda dərc olunmuş yazıların, fəxri adlar və təltiflərinin, rəhbərliyi ilə müdafiə olunmuş dissertasiyaların siyahısı xronoloji ardıcıllıqla verilib.
“Həyatımın illəri və izləri” xatirə-memuarı 1941-ci il yanvarın 2-də Cəbrayılın Horovlu kəndində Bayram Quliyevin və Suğra xanımın ailəsində dünyaya göz açan Çingizin həkim olmaq üçün göstərdiyi əzmkarlığı, həyatının enişli-yoxuşlu yollarını, qazandığı uğurları oxucunun gözləri önündə canlandırır. “Uşaqlıq və məktəb illərim”, “Necə oldu ki, həkim oldum”, “N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmaq üçün keçdiyim yollar”, “Tələbəlik illəri”, “Doktorluq dissertasiyası, yoxsa əzablı yollar...” və digər başlıqlar altında toplanmış xatirələr professor Çingiz Quliyevin həyatı, habelə tibbi, elmi-pedaqoji fəaliyyəti haqqında geniş təsəvvür yaradır.
Çingiz dördüncü sinifdə oxuyanda anası Suğra xanım xəstələnmişdi. Onu müalicə edən kardioloq Qafar Əbilov həyəcan keçirən Çingizə demişdi: “Balaca, qorxma, anan sağalacaq”. Həkimin yazdığı dərmanlardan sonra anasının vəziyyəti yaxşılaşdı. Bu hadisə onun uşaq qəlbində dərin iz buraxdı və həkim olmaq qərarına gəldi. Uşaq cərrahı oldu və 52 il ərzində 10 mindən çox uşaq üzərində cərrahiyyə əməliyyatı apardı. Professor Çingiz Quliyev 2002-ci ildə respublikamızda ilk dəfə olaraq bir bədən, dörd ayaq və iki kişi cinsiyyət üzvü olan ikigünlük uşağı uğurla əməliyyat edib.
Lakin kitabı vərəqlədikcə o da aydın olur ki, minlərlə uşağı əməliyyat edərək onların ata-anasına, nənə-babasına sevinc bəxş edən görkəmli cərrah 2012-ci ildə iki yaşlı nəvəsini ölümün pəncəsindən qurtara bilməmiş və hönkür-hönkür ağlamışdı, 70 il əvvəl yeddi yaşlı əkiz qardaşı Batı aclıq və xəstəlikdən ölən zaman olduğu kimi...
Azərbaycanda uşaq cərrahiyyəsinin əsasını qoyanlardan biri olan professor Çingiz Quliyev bu sahədə öz məktəbini yaradıb. O, geniş diapazona malik uşaq cərrahıdır. Kitabda onun üz və boyun nahiyələrində, baş və onurğa beyinində, qida borusunda, döş qəfəsində, diafraqmada, həzm traktında, habelə uşaqlıq və uşaqlıq yollarında, uroloji patologiyalarda, travmatik zədələnmələrdə, ortopedik qüsurlarda və onkoloji xəstəliklərdə yüksək səviyyədə apardığı ixtisaslaşdırılmış əməliyyatlarının uğurlu nəticələrini əks etdirən çoxsaylı şəkillər də yer alıb.
Cəbrayıl rayonunun Horovlu kəndinin çoxəsrlik tarixində ilk həkim, eləcə də rayonun M.Qorki adına orta məktəbini qurtaran məzunlar arasında ilk tibb elmləri doktoru, professor Çingiz Quliyev olub. O, sənətin sirlərinə Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsində təhsil alarkən, xəstəxanada uşaq cərrahlığı şöbəsində tibb qardaşı işləyərkən, sonralar isə Sankt-Peterburqda A.L.Polenov adına Elmi-Tədqiqat Neyrocərrahiyyə İnstitutunda, kliniki ordinaturada və aspiranturada oxuyarkən, A.K.Rauxfus adına uşaq xəstəxanasının cərrahiyyə və travmatologiya şöbələrində çalışarkən, Sankt-Peterburq Pediatriya Akademiyasının uşaq cərrahlığı kafedrasının doktorantı olduğu illərdə yiyələnib. 1974-cü ildən Azərbaycan Tibb İnstitutunun uşaq cərrahlığı kafedrasının assistenti, dosenti, professoru və kafedra müdiri, 1986-2012-ci illərdə Səhiyyə Nazirliyinin baş uşaq cərrahı işlədiyi illərdə yetişdirdiyi kadrların çoxu Bakıda, Sumqayıtda, Gəncədə, Bərdədə, Mingəçevirdə, Şəkidə, Lənkəranda, digər şəhər və rayonlarda uğurla fəaliyyət göstərirlər. Tələbələrindən bir çoxu Rusiyada, Ukraynada, Gürcüstanda, Türkiyədə, Almaniyada, Çexiyada və digər ölkələrdə işləyirlər.
Professor Çingiz Quliyev 1995-2017-ci illərdə Azərbaycan Tibb Universitetinin Uşaq cərrahlığı kafedrasının müdiri işləyib, hazırda kafedranın professorudur. Alimin “Uşaq cərrahlığı” dərsliyi, dərs vəsaitləri, monoqrafiyaları, “Azərbaycanda uşaq cərrahlığı kafedrasının inkişaf tarixi” kitabı, “Uşaqlarda cərrahi patologiyaların atlası”, çoxsaylı tədris metodik vəsaitlər və tövsiyələr onun Azərbaycanda tibb təhsilinə və elminə verdiyi dəyərli töhfələrdir.
“Apostrof-A” nəşriyyatında nəfis tərtibatla çap edilmiş “Həyatımın illəri və izləri” kitabının redaktoru Azərbaycan Tibb Universitetinin uşaq cərrahlığı kafedrasının müdiri, tibb elmləri doktoru Ramiz Poluxovdur.

Elm və təhsil 2020-11-24 18:15:00