×
A
A
A
Sazlamalar

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunlarının cədvəli açıqlanıb

Bakı, 24 noyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun oyunlarının cədvəli açıqlanıb.
AZƏRTAC Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, iki günü əhatə edəcək tura noyabrın 28-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Qəbələ” oyunu ilə start veriləcək. Bu görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Həmin gün saat 16:00-da baş tutacaq “Neftçi” – “Zirə” oyunu isə “Bakcell Arena”da təşkil olunacaq.
Tura noyabrın 29-da keçiriləcək iki oyun ilə yekun vurulacaq. Günün ilk qarşılaşmasında saat 14:00-da “Keşlə” klubu “Sabah” ilə üz-üzə gələcək. Matç “ASK Arena”da keçiriləcək. Turun yekun qarşılaşması “Səbail” və “Qarabağ” klubları arasında oynanılacaq. Görüş 16:00-da “ASCO Arena”da baş tutacaq.
Turun bütün görüşləri “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.
Qeyd edək ki, X turun birinci oyunundan sonra turnir cədvəlinə 18 xalla “Qarabağ” klubu başçılıq edir. Eyni xala malik olan “Zirə” ikinci, 17 xal toplayan “Neftçi” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (15), “Keşlə” (12), “Sabah” (9), “Səbail” (9) və “Qəbələ” (8) yer alıblar.

İdman 2020-11-24 04:19:00