×
A
A
A
Sazlamalar

Çin Beynəlxalq İdxal Sərgisində Azərbaycan məhsullarına maraq böyük olub

Şanxay, 10 noyabr, AZƏRTAC

Çin Xalq Respublikasının (ÇXR) Şanxay şəhərində təşkil olunan 3-cü Çin Beynəlxalq İdxal Sərgisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, idxal məhsullarının və xidmətlərinin Çin bazarına daxil olmasını təşviq etmək və bu işə dəstək məqsədi daşıyan sərgi dünyada ölkə səviyyəsində keçirilən ilk böyük idxal sərgisidir.
Əvvəlki 2 sərgidə olduğu kimi, bu sərgidə də Azərbaycanın vahid ölkə pavilyonunda respublikamızın rəqabətqabiliyyətli və ixracyönümlü məhsulları nümayiş olunub. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və ölkəmizin Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə 20-dən çox şirkətin istehsalı olan nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, qənnadı məmulatlar, un məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və sair məhsullar təqdim olunub. Azərbaycan məhsullarına əsasən idxalçılardan ibarət sərgi ziyarətçilərinin marağı böyük olub. Xüsusi qeyd olunmalıdır ki, pandemiya səbəbindən bu il sərgidə daha az ölkə milli pavilyonu ilə təmsil edilib. MDB məkanından ən böyük ölkə pavilyonu isə Azərbaycana məxsus olub. Bu amil Azərbaycanın Çin ilə iqtisadi-ticari əlaqələrin genişlənməsinə verdiyi diqqətin təzahürüdür. Xüsusən də pandemiya vaxtı, habelə Qarabağda Ermənistana qarşı aparılan sülhə məcburetmə əməliyyatı dövründə Azərbaycanın 3-cü Çin Beynəlxalq İdxal Sərgisində vahid ölkə pavilyonu ilə geniş çeşiddə məhsullar təmsil olunması Çin ictimaiyyətində xoş təəccüblə qarşılanıb.
Azərbaycan pavilyonunu ziyarət edən Çinin Kommersiya Nazirliyinin departament direktoru, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Van Kaysüən nümayiş edilən məhsullarla tanış olub.
Sərgi zamanı Azərbaycan məhsullarının Çinə ixracının artırılmasına dair müzakirələr aparılıb, potensial müştərilərlə görüşlər keçirilib.
Sərginin “Bir kəmər, bir yol” tərəfdaşları arasında ikitərəfli əməkdaşlıq” mövzusundakı panel sessiyasında çıxış edən Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib ki, ölkəmiz beynəlxalq əməkdaşlıqda fəallıq göstərir, özünün coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika imkanları ilə “Bir kəmər, bir yol” təşəbbüsünün icrasına töhfələr verir. O, qarşılıqlı etimad və dostluğa əsaslanan Azərbaycan-Çin münasibətlərinin son illər daha dinamik inkişaf etdiyini, dövlət başçıları siyasi iradəsinin ikitərəfli əməkdaşlığın inkişafının əsas hərəkətverici qüvvəsi olduğunu bildirib.
T.Nadiroğlu Azərbaycan iqtisadiyyatı, onun əsas inkişaf istiqamətləri haqqında məlumat verib, əlverişli biznes və sərmayə mühiti, beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanın müxtəlif istiqamətlər qabaqcıl yerlər tutması, ölkəmizin 4-cü sənaye inqilabının çağırışları qəbul etdiyini, qlobal rəqəmsallaşma prosesinə adaptasiyanı həyati məsələ kimi nəzərdən keçirdiyini bildirib. “Biz milli iqtisadiyyatımızın rəqəmsallaşdırılmasını, ölkəmizin regionun rəqəmsal qovşağına çevrilməsini prioritet vəzifələrimizdən biri kimi müəyyənləşdirmişik”, - deyən ticarət nümayəndəsi əlavə edib ki, cari ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumunun Bakıda Regional Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolunun imzalanıb. Azərbaycan rəqəmsal iqtisadiyyat sahəsində böyük təcrübəyə malik olan Çin ilə əməkdaşlığa maraqlıdır.
Qeyd olunub ki, regionda ən inkişaf etmiş nəqliyyat infrasturukturuna malik olan Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünün həyata keçirilməsində fəallıq göstərdiyini deyib. Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı "Bir kəmər, bir yol" strategiyasının tərkib hissəsi olan "İpək yolu iqtisadi" kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanması, dövlətimizin başçısının ötən il Pekində 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirakı Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə olan dəstəyini nümayiş etdirir. Bu səfərlər zamanı imzalanmış sənədlər və əldə edilmiş razılaşmalara iki ölkə arasında iqtisadi münasibətlərin genişlənməsinə, ticarət dövriyyəsinin çoxalmasına şərait yaradıb.
Sərginin “Qlobal ticarət və beynəlxalq logistika” sammitində onlayn qaydada çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Azərbaycanla Çin arasında iqtisadi əlaqələrin tarixinin hələ tarixi İpək yolu dövrünə gedib çıxdığını, müasir dövrdə “Bir kəmər, bir yol” təşəbbüsünün əməkdaşlıq üçün yeni imkanlar açdığını bildirib. Azərbaycan təkcə bu təşəbbüsü dəstəkləmir, həm də özünün imkanları ilə onun həyata keçməsinə çalışır. Transxəzər beynəlxalq nəqliyyat marşrutu, başqa adla “Orta dəhliz” “Bir kəmər, bir yol”un icrasında vacib rol oynayır.
E.Məcidov Azərbaycanın Şərqlə Qərb arasında əlaqələndirilməsi istiqamətindəki işlərə iri sərmayələr yatırdığını bildirib: “Bura Avropa ilə Çin arasında dəmir yolu əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars xətti, Xəzər dənizindəki ticarət limanı və yük donanması, hava və avtomobil nəqliyyatı infrastrukturu daxildir. Bu infrastruktur sayəsində dünyada iqtisadi durğunluğun, hətta geriləmənin müşahidə olunduğu ilin birinci yarısında beynəlxalq yükdaşımalar 11 faiz artıb. Sevindirici haldır ki, Azərbaycan üzərindən daşınan Çin yüklərinin miqdarı çoxalır”.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay

Sərgilər 2020-11-10 18:53:00