×
A
A
A
Sazlamalar

Bölgələrdə hava əsasən yağmursuz keçəcək

Bakı, 8 noyabr, AZƏRTAC 

Bölgələrimizdə noyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-18, dağlarda gecə 0-4, gündüz 6-10 dərəcə isti olacağı bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7°, gündüz 13-18° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarında gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 6-10° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 14-18° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-6°, gündüz 9-14° isti, dağlarda gecə 0-3°, gündüz 5-8° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 15-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində duman olacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-9°, gündüz 14-17° isti, dağlarda gecə 4-6°, gündüz 12-14° isti olacağı ehtimalı var.

 

Ekologiya 2020-11-08 13:47:00