×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin qarabağlı fəxrləri silsiləsindən: akademik Əşrəf Hüseynov

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) bu ali məktəbin, həmçinin Azərbaycan ali təhsil tarixində müstəsna xidmətləri ilə seçilən professor və müəllimlərimizin, ictimai-siyasi xadimlərimizin bu elm və təhsil məbədinə verdiyi töhfələrlə bağlı silsilə yazılarını davam etdirir. Yazıların qəhrəmanları isə ürəyi Vətən üçün alışıb-yanan, yetişdirdiyi mütəxəssislərlə, Azərbaycanda elmin, təhsilin inkişafına verdiyi töhfələrlə ürəklərdə əbədi iz qoymuş Qarabağ bölgəsinin elm-təhsil fədailəri, ictimai-siyasi xadimləridir. Sentyabrın 27-dən davam edən haqq mübarizəmizdə qazanılan qələbələr onların da ruhlarını şad edir. Növbəti yazı Bakı Dövlət Universitetinin Funksiyalar nəzəriyyəsi və cəbr, sonra isə Funksiyalar nəzəriyyəsi funksional analiz kafedrasının professoru, müdiri vəzifələrində çalışmış Əşrəf Hüseynov haqqındadır.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, Əşrəf Hüseynov 1907-ci il sentyabrın 20-də Cəbrayıl rayonunun Əmirvarlı kəndində anadan olub. 1931-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsini bitirib. 1938-ci ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1948-ci ildə elmlər doktoru elmi dərəcəsini, professor elmi adını alıb, 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib.
Əşrəf Hüseynov Bakı Dövlət Universitetində kafedra müdiri və dekan (1939-1965), akademiyanın Kibernetika İnstitutunun direktoru (1965-1970), Azərbaycan Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1971-1980) vəzifələrində çalışıb. 1960-1965-ci illərdə keçmiş SSRİ-nin Ali və Orta Təhsil Nazirliyi yanında riyaziyyat sahəsi üzrə Metodik Şuranın üzvü olub.
Akademik Ə.Hüseynov Azərbaycanda müasir riyaziyyat elmi məktəbinin yaradıcılarından biridir. Qeyri-xətti riyazi fizika, nəzəri və tətbiqi mexanika, o cümlədən yeraltı qazodinamikanın çoxsaylı məsələlərinin tədqiqi, əsaslandırılması və həlli ilə bağlı qeyri-xətti sinqulyar inteqral tənliklər nəzəriyyəsinin ilk yaradıcılarından olan alim bu sahədə görkəmli riyazi elmi məktəb və ənənə formalaşdırıb. Potensiallar nəzəriyyəsi, funksional analiz, diferensial tənliklər, kompleks dəyişənli funksiyaların sərhəd məsələləri sahəsində tədqiqatlar aparıb, adı ilə bağlı olan funksiyalar fəzasını qurub, bu fəzada Koşi nüvəli qeyri-xətti sinqulyar inteqral tənliklər üçün varlıq və yeganəlik teoremlərini isbat edib. Akademik ilk dəfə analitik funksiyalar üçün qeyri-xətti Hilbert məsələsini tədqiq edib. Dövrü funksiyalar üçün təklif etdiyi fəzada İvan Privalovun məşhur teoremi ümumiləşdirilib, dairənin dairəyə yaxın oblasta konform inikası məsələsi Holder sinfində qeyri-xətti inteqral tənliyə gətirilərək onun həlli üsulu verilib. O, analitik funksiyalar nəzəriyyəsinin xeyli sayda qeyri-xətti sərhəd məsələlərini qoyaraq həll edib, müxtəlif nüvəli sinqulyar inteqral tənliklərin məhdud həllərinin varlığı nəzəriyyəsi sahəsində geniş tətbiq olunan ciddi nəticələr alıb.
Akademik 80-dən çox elmi məqalənin, dərsliyin müəllifidir. Rəhbərliyi ilə 60-dan çox namizədlik və doktorluq dissertasiyası müdafiə olunub. Əməkdar elm xadimi, Əməkdar müəllim fəxri adlarını alıb. Akademik Əşrəf Hüseynov 1980-ci ildə Bakıda vəfat edib.
Əminik ki, Qarabağın işğaldan tamamilə azad ediləcəyi gün uzaqda deyil və müzəffər Azərbaycan Ordusunun üçrəngli bayrağımızı Cəbrayıl şəhərində ən hündür nöqtəyə sancması görkəmli alimin ruhunu şad edib.

Elm və təhsil 2020-10-31 14:19:00