×
A
A
A
Sazlamalar

Arı mumundan hazırlanan sabun dəriyə təravət verir

Bakı, 30 oktyabr, AZƏRTAC

Arının istehsal etdiyi məhsullar öz xüsusiyyətlərinə görə fərqlənir. Həmin məhsullar tibdə və məişətdə geniş istifadə olunur. Belə məhsullardan biri də arı və ya bal mumudur.
AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, mumun arı məhsulları içərisində xüsusi yeri var. Mumu sürfələrə qulluq edən 10-20 günlük işçi arılar istehsal edir. Havanın temperaturu və nəmliyindən asılı olmayaraq mum havada oksidləşmir, havanın nəmliyini özünə çəkmir və qurumur.
Mumdan hazırlanan antibakterial şamı yandıranda ondan təbii bal qoxusu gəlir və otaqda olan bakteriyalar məhv olur. Mumdan hazırlanan sabun da həmin keyfiyyətlərə malikdir, dərini təravətləndirir, yumşaq saxlayır, canlandırır və cavanlaşdırır. Ətir, kosmetika, şüşə qab qapaqları, dülgərlik məhsullarının parıldadılması, rəng istehsalı kimi bir çox sahədə istifadə olunan bal mumu uzun müddət saxlanılanda da xarab olmur. 1 kiloqram bal mumu üçün arılar 5-10 kiloqram bal yeməlidirlər.
Tibdə geniş istifadə olunan mum bronxial astma və haymorit kimi xəstəliklərin müalicəsində tətbiq olunur. Şan balı çeynəmək dişin diblərini möhkəmləndirməklə yanaşı kariesə qarşı da faydalıdır.

Sağlamlıq klubu 2020-10-30 17:50:00