×
A
A
A
Sazlamalar

Zəngilanın Şərifan və Zərnəli kəndlərində vaxtilə aşkar edilmiş arxeoloji abidələr

Bakı, 28 oktyabr, AZƏRTAC

Zəngilan rayonunun işğaldan azad edilmiş ərazilərində müxtəlif tarixi abidələr var. Həmin abidələr tariximizin araşdırılmasında böyük əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini Kəmalə Nəcəfova deyib. O, həmin abidələrin ikisi haqqında məlumat verib. Həmin məlumatları təqdim edirik:
Şərifan şəhər yeri – Həkəri çayının sağ sahilində, onun Araz çayına töküldüyü yerin yaxınlığında, Şərifan kəndindən şimal-qərbdə yerləşir. Düzbucaqlıya yaxın plan quruluşuna malik şəhər yeri təxminən 9 hektar sahəni əhatə edir. Şəhər xarabalıqları bir tərəfdən dağ, digər tərəfdən isə çay ilə hüdudlanır. Abidənin ərazisinin şimal-qərb sərhədində, təpə üzərində XIV əsrə aid türbənin qalıqları vardır. Şəhər yerində arxeoloji qazıntılar 1974-cü və 1979-cu illərdə aparılıb. Abidənin mərkəzində mədəni təbəqənin qalınlığı 3 metr olduğu halda, şimal kənarında 2-2,75 metr olub. Aparılmış qazıntılar nəticəsində yaşayış evlərinin bünövrələri, hamam qalıqları, çəltik anbarı, təndirlər və külli miqdarda məişət əşyaları aşkara çıxarılıb, metalişləmə istehsalı ilə bağlı qalıqlar qeydə alınıb. Hamam kompleksinin ümumi salonu, üç hovuzu və qərb tərəfdə yerləşmiş üç kiçik otağı üzə çıxarılıb. Tapıntılar əsasən saxsı qab qırıqları, İran və Çindən gətirilmə fayans və seladon qab parçaları, şüşə məmulat və bir neçə sikkədən ibarətdir. Arxeoloji materiallar XIII-XVII yüzilliklər üçün səciyyəvi olduğundan Şərifan şəhər yeri də həmin dövrə aid edilir.
Ağca-Aşıq yaşayış yeri Xudafərin körpülərindən 4 kilometr aralıda Zərnəli kəndində yerləşir. Abidə 1974-cü ildə Xudafərin arxeoloji kompleks ekspedisiyası tərəfindən qeydə alınıb. Yaşayış yerinin sahəsi 6 hektardır. İlkin kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində V-XIII əsrlərə aid xeyli artefaktlar əldə edilib. Tapıntılar arasında keramika nümunələri çoxluq təşkil edir. IX-XII əsrlərə aid şirli keramika nümunələri xüsusilə diqqətəlayiqdir. İlkin tədqiqatlar nəticəsində yaşayış yeri V-XIII əsrlərə aid edilir.
Xatırladaq ki, Zəngilanın Şərifan və Zərnəli kəndləri oktyabrın 20-də işğaldan azad edilib.

Elm və təhsil 2020-10-28 12:02:00