×
A
A
A
Sazlamalar

Elmar Babanlı: Bir qızıl, bir bürünc medal komandamız üçün yaxşı nəticədir

Bakı, 25 oktyabr, Leyla Qurbanova, AZƏRTAC
“Böyük dəbilqə” turniri 7 aylıq fasilədən sonra keçirilən ilk böyük turnirdir. Dünya cüdo ictimaiyyətinin diqqəti bu nüfuzlu yarışa yönəlib. Yarışın Tokio Olimpiadasına vacib reytinq xalları qazandırması onun əhəmiyyətliliyini daha da artırır. Cüdoçularımız Orxan Səfərov (66 kiloqram) bürünc, Rüstəm Orucov (73 kiloqram) qızıl medal qazanıb. Turnir hələ davam edir və bir qızıl, bir bürünc medal komandamız üçün yaxşı nəticədir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı bildirib. O, qeyd edib ki, ötən iki günün yarışlarında ümid bəslənilən cüdoçular var idi ki, onlar da medal qazana bilərdilər: “Bəzi cüdoçularımız öz imkanlarından aşağı səviyyədə çıxış etdilər. Nicat Şıxəlizadə (66 kiloqram) medal qazana bilərdi. Gültac Məmmədəliyeva (52 kiloqram) yaxşı güləş göstərib güclü rəqiblərinə qalib gəlsə də, medal qazana bilmədi. Amma onun üçün reytinqli idmançılar arasında “Böyük dəbilqə” kimi nüfuzlu turnirdə 7-ci yeri tutmaq yaxşı nəticə sayılır. Digər cüdoçumuz, 81 kiloqram çəkidə mübarizə aparan Hidayət Heydərov o qədər də güclü olmayan bolqarıstanlı rəqibinə məğlub oldu. Rəqib görüşün əvvəlində vazari xalı ilə üstünlüyə malik idi və sonadək mövqeyini qorudu. Bu çəkidə Murad Fətiyev kifayət qədər perspektivli idmançıdır. Bir görüşdə qalib gəlməyi onun potensialının göstəricisidir. Daha bir perspektivli cüdoçumuz Telman Vəliyev (73 kiloqram) ötən Qran-Pri yarışlarında mükafatçı olub və bu turnirdə də ondan medal gözləyirdik. Amma ümidləri doğrultmadı”.
Elmar Babanlı oktyabrın 25-də keçiriləcək turnirin son günündə mübarizə aparacaq cüdoçularımızın medal imkanlarından danışıb: “Sabahkı yarış günündə medala iddialı 4 idmançımız var. Məmmədəli Mehdiyev (90 kiloqram), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kiloqram) və Uşangi Kokauridən (100 kiloqramdan yuxarı) medal gözləyirik. Dörd idmançıdan 2-si medal ümidlərimizi doğruldarsa, komandamız “Böyük dəbilqə” turnirini 4 medalla başa vuracaq ki, bu da millimiz üçün yaxşı nəticə olacaq”.
Azərbaycan “Böyük dəbilqə” turnirinə 17 cüdoçu ilə qatılıb.
Turnir oktyabrın 25-dək davam edəcək.

İdman 2020-10-25 00:10:00