×
A
A
A
Sazlamalar

İnzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Bakı, 23 oktyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi məsafədə əyləşdirilməsi təmin edilib.
İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda 64 namizəd iştirak edib. AB4 altqrupu üzrə 1 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 2 nəfər, AC3 altqrupu üzrə 4 nəfər, AC4 altqrupu üzrə 4 nəfər olmaqla, ümumilikdə 12 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.
Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün oktyabrın 26-dan noyabrın 6-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə ali təhsil haqqında sənədin, əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə olunur.
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik şəxs orada nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahanın nəticələri ilə bağlı Apelyasiya Komissiyası oktyabrın 26-28-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Elm və təhsil 2020-10-23 16:26:00