×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutunun dekanı beynəlxalq simpoziumda çıxış edib

Bakı, 23 oktyabr, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova Ankara şəhərində Türkiyə Böyük Millət Məclisinin qurulmasının 100-cü ildönümü münasibətilə Türk Dil Qurumunun və Qazi Universitetinin təşkilatçılığı ilə keçirilən onlayn “XII Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu”nda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda “İlk türk-İslam əsərlərində Həzrət Məhəmməd təsəvvürü” mövzusunda məruzə ilə çıxış edən E.Əzizova türklərin kütləvi şəkildə müsəlmanlaşması prosesində Məhəmməd peyğəmbərin həyatı və şəxsiyyəti ilə əlaqəli təsəvvürün Yusif Balasaqunlunun “Qutadqu-bilik”, Əhməd Yüknəkinin “Ətəbətül-həqayiq” və Xacə Əhməd Yəsəvinin “Divani-hikmət” əsərlərindəki yerini təhlil edib.
Qeyd edək ki, oktyabrın 21-də Qazi Universitetinin “Azərbaycan” salonunda plenar iclasla işə başlayan simpozium “Qarabağ”, “Xocalı”, “Naxçıvan”, “Gəncə” və “Bakı” adlandırılan beş salonda davam edir. Həm plenar iclasda, həm də məruzələrin dinlənildiyi salonlarda Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə geniş şəkildə işıqlandırılıb.
Müxtəlif ölkələrdən iki yüzdən çox elm adamının məruzəçi kimi iştirak etdiyi simpozium bu gün başa çatır.

Elm və təhsil 2020-10-23 14:23:00