×
A
A
A
Sazlamalar

“İndiana” basketbol klubunun yeni baş məşqçisi məlum olub

Bakı, 23 oktyabr, AZƏRTAC

Heç vaxt Milli Basketbol Assosiasiyasının (MBA) çempionu olmasa da, Şərq konfransında mübarizə aparan “İndiana Peysers” nüfuzlu komandalardan sayılıb. Amma son illər bu komanda imkanlarından aşağı səviyyədə çıxış edir. Nəticədə klubun rəhbərliyi məşqçi dəyişikliyi ilə vəziyyətdən çıxış yolu tapmağa çalışır.
AZƏRTAC xəbər verir ki, “İndiana”nın yeni baş məşqçisi məlum olub. Növbəti mövsümdən komandanı Neyt Byorkqren çalışdıracaq. Bunadək 45 yaşlı mütəxəssis “Finiks” və “Toronto”da köməkçi məşqçi kimi işləyib. 2019-cu ildə Nik Nörsün rəhbərliyilə çempion olan “Raptors”un uğur qazanmasında Byorkqrenin də böyük rolu olub.
Amerika mətbuatına açıqlama verən mütəxəssis yeni iş yeri haqda bunları söyləyib: “İndiana”da işə başlamaqdan qürur hissi keçirirəm. Karyeram boyunca müstəqil şəkildə hansısa klubun baş məşqçisi olmaq üçün özümü hazırlayırdım. Mənə belə bir imkan yaratdıqlarına görə “İndiana” rəhbərliyinə təşəkkür edirəm. Məşqçi kimi yetişməyimdə böyük rolu olan Nik Nörsə də minnətdaram. “Peysers”də hədəfimiz MBA çempionu olmaqdır. İşə başlayacağım günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, müntəzəm çempionat başa çatandan sonra 2016-cı ildən bu komandanı çalışdıran Neyt Makmilan istefaya göndərilmişdi. Ümumiyyətlə, “İndiana” rəhbərliyi hər il baş məşqçi dəyişməsə də, 1980-ci ildən bəri heç bir mütəxəssis bu komandanı MBA-da 500 oyuna çıxarmayıb.

İdman 2020-10-23 12:04:00