Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

UEFA Avropa Liqası: “Makkabi” və “Qarabağ” komandalarının start heyəti açıqlanıb

Bakı, 22 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Bu gün saat 23:00-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə İsrailin “Makkabi” komandası ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, "Blumfild" stadionunda keçiriləcək oyun üçün komandaların start heyəti açıqlanıb.
“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Patrik Andrade, Xayme Romero və Abdullah Zubir yer alıblar.
“Makkabi”in ilk onbirliyində isə meydana Daniel Tenenbaum, Maor Kandil, Eytan Tibi, Şeran Yeni, Enrik Saborit, Ofir Davidzade, Eyal Qolasa, Dor Perec, Dan Qlazer, Yonaran Koen və Etey Şaxtor çıxacaqlar.
Görüşü şotlandiyalı hakimlər briqadasına idarə edəcək. Qarşılaşmanın əsas hakimi Con Biton olacaq. Ona Frensis Konor və Daniel Makfarlan kömək edəcək. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.
Hakimlərin işinə serbiyalı Milan Karaciç qiymət verəcək. UEFA nümayəndəsi isə rusiyalı İvan Tsitoviç olacaq.
Qurban Qurbanovun başçılıq etdiyi komanda matça itkilərlə çıxacaq. Azərbaycan çempionunun heyətində Mahir Emreli və Abbas Hüseynov zədə səbəbindən "Makkabi"yə qarşı oynamayacaq.
Ardıcıl 7-ci dəfə qrupda çıxış edəcək "Qarabağ" cari mövsüm avrokubok mübarizəsinə UEFA Çempionlar Liqasının təsnifat mərhələsindən başlayıb. I raundda Şimali Makedoniyanın “Sileks” klubunu (4:0), II raundda isə Moldovanın "Şerif" komandasını keçən (2:1) "köhlən atlar" növbəti mərhələdə Norveçin "Molde" kollektivinə penaltilər seriyasında uduzaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə düşüb. Burada isə Polşanın "Legiya" klubunu səfərdə 3:0 hesabı ilə məğlub edən ağdamlılar qrup mərhələsinə vəsiqə qazanıblar.
"Qarabağ" kimi "Makkabi" də, UEFA Avropa Liqasının qrupuna Çempionlar Liqasından gəlib. I təsnifat mərhələsində Latviyanın "Riqa" komandasını mübarizədən kənarlaşdıran (2:0) İsrail təmsilçisi ardınca Litvanın "Suduva" klubunu (3:0) və Belarusun "Dinamo" (Brest) komandasını məğlub edərək (1:0) pley-offa yüksəlib. Bu raundda Avstriyanın "Zalsburq" komandasına hər iki qarşılaşmada uduzan (1:2, 1:3) paytaxt klubu birbaşa UEFA Avropa Liqasının qrupuna vəsiqə əldə edib.

İdman 2020-10-22 22:01:00