×
A
A
A
Sazlamalar

Gəncənin və digər yaşayış məskənlərimizin raket atəşinə tutulması Ermənistanın faşist ideologiyasının təzahürüdür

Bakı, 21 oktyabr, AZƏRTAC

Gəncənin və digər yaşayış məskənlərimizin raket atəşinə tutulması Ermənistanın faşist ideologiyasının təzahürüdür.
Bu fikri AZƏRTAC-a açıqlamasında Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov bildirib.
Professor qeyd edib ki, hazırda Ermənistanda milli ideologiya məzmunca faşizmlə eyni olan “tsexakron” ideologiyasıdır. Bu ideologiyanın mahiyyəti ilk dəfə onun müəllifi Qaregin Njde tərəfindən 1932-ci ildə yazılmış “Tsexakron qələbənin qarantı kimi” adlı məqalədə açıqlanıb.
Q.Njdenin irəli sürdüyü ideologiyanın nəzəri əsası Nasional Sosialist Alman Fəhlə Partiyasının 1920-ci il aprelin 1-də qəbul etdiyi “25 Punkt-Proqram” idi ki, alman faşistləri onu 1926-cı ildə “toxunulmaz” prinsiplər kimi bəyan ediblər. Q.Njde də həmin prinsiplərin xeyli hissəsini olduğu kimi öz proqramına köçürüb.
Alman və erməni faşizm ideologiyalarını məntiqi baxımdan müqayisə etdikdə, onlar arasında fərqin az, ümumiliyin isə daha çox olduğunu görürük. Adolf Hitlerin “Alman millətinin ariliyi” nəzəriyyəsinə uyğun olaraq Ermənistanın Respublikaçılar Partiyası Njdenin “tsexakron” nəzəriyyəsində irəli sürülən “hədəflər üçlüyü”nü bəyan edir:
1) Ermənistanda partiya dövləti qurmaq, bütün əsas vəzifələri ERP nümayəndələrinə və ya Njdenin ardıcıllarına vermək;
2) Qonşu ölkələrin - Türkiyə, Gürcüstan və Azərbaycanın torpaqlarını işğal etməklə erməni milləti üçün yaşayış məkanları fəth etmək (böyük Ermənistan xülyası);
3) “Türk məsələsi”nin həlli (alman faşistlərinin “Yəhudi məsələsi”nin həllinə uyğun).
2000-ci ildən 2018-ci ilə qədər Ermənistanı idarə edən Respublika Partiyası 2004-cü ildə Njdenin qeyd etdiyimiz faşizm -“tsexakron” ideologiyasını partiyanın ideologiyası, 2016-cı ildə isə onu Ermənistanın rəsmi dövlət ideologiyası elan edib.
2018-ci il 1-8 may tarixli çevriliş nəticəsində siyasi rejimin dəyişməsindən sonra hakimiyyətə gələn Paşinyan hökuməti nəinki bu xətdən geri çəkilmədi, əksinə, ona daha da rəvac verdi.
Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə faşist ideologiyası olan “tsexakron”u nəinki ölkə daxilində, həmçinin bütün dünya ermənilərinin milli ideologiyası kimi təbliğ və təşviq edərək erməni xalqının “şüurunu xəstələndirən” siyasi kurs götürüb. Faşist Almaniyasının dinc əhalinin məhv edilməsi ilə bağlı xüsusi planları da olub. Adolf Hitlerin imzası ilə təsdiqlənən bu plan “Bakke” adlanırdı.
Bu gün ermənilər tərəfindən heç bir beynəlxalq konvensiyaya məhəl qoymadan Gəncədə və digər yaşayış məskənlərimizdə mülki əhalinin gecə saatlarında raket atəşləri ilə öldürülməsi, evlərinin dağıdılması Ermənistanda dövlət ideologiyası olan faşizmin praktikada təzahürüdür
Ən dəhşətlisi odur ki, XXI əsrdə faşizm ideologiyası “Njdeizm” adı altında Ermənistanın tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə olunur.
Böyük Britaniyanın Lordlar Palatasının üzvü Lord Kerzonun hələ 1920-ci ilin martında ermənilərin “dənizdən-dənizə” dövlət yaratmaq xülyalarına və onlara kömək etmək istəyənlərə xitabən dediyi aşağıdakı sözlərdən müasir zamanda erməni faşizminə dəstək verənlər də ibrət götürməlidir: “Mənə elə gəlir ki, siz hamınız erməniləri səkkiz yaşlı bir qız kimi günahsız, saf təqdim edirsiniz. Siz çox ciddi yanılırsınız. Ermənilər, xüsusən də son vəhşilikləri ilə nə qədər iblis və barbar bir xalq olduqlarını bizə sübut etdilər”.
Dünyaya özlərini “əzabkeş” xalq kimi təqdim edən bu “zavallılar” hələ də dərk edə bilmirlər ki, zaman və mühit dəyişib. Müasir informasiya vasitələri “ermənilik” xislətinin əsl mahiyyətini dünya ictimaiyyətinə təqdim etməkdədir. Şanlı ordumuzun işğaldan azad etdiyi şəhər və qəsəbələrimizin görünüşünə baxmaq kifayətdir ki, bu “qədim və mədəni xalq”ın əslində “vəhşi qəbilə” səviyyəsində qaldığı sübut edilsin.
Hesab edirəm ki, Njdenin “tsexakron”- faşizm ideologiyasının Ermənistanda rəsmi dövlət ideologiyası səviyyəsinə qaldırılması bəşəriyyətin bu günü və gələcəyi üçün böyük təhlükədir. Beynəlxalq ictimaiyyət tərəfindən qarşısı vaxtında və qətiyyətlə alınmalıdır.

Elm və təhsil 2020-10-21 15:39:00