×
A
A
A
Sazlamalar

Bakı Xoreoqrafiya Akademiyası Ermənistanın təcavüzkar siyasəti barədə xarici ali təhsil müəssisələrinə məktub ünvanlayıb

Bakı, 20 oktyabr, AZƏRTAC 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) rektoru, professor Timuçin Əfəndiyev bu təhsil ocağının əməkdaşlıq etdiyi müxtəlif ölkələrin ali məktəblərinin rəhbərlərinə Ermənistanın təcavüzkar siyasəti barədə məlumat xarakterli məktub ünvanlayıb.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, məktubda sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın işğal etdikləri Azərbaycan Respublikasının ərazilərindən dinc əhalinin yaşadığı məntəqələrimizi və sosial obyektlərimizi müxtəlif növ iriçaplı artilleriya qurğuları və digər silahlardan atəşə tutması nəticəsində mülki əhalinin, o cümlədən, qadın və uşaqların qətlə yetirilməsi, xeyli sayda yaralıların olması, evlərə və mülki obyektlərə ciddi ziyan dəyməsi haqda məlumat verilib.
Qeyd edilib ki, bu hərbi təcavüz nəticəsində “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq sənədlərin müvafiq müddəaları kobud şəkildə pozulub. Bu hadisələr Ermənistanın təcavüzkar siyasətini, qeyri-insani hərəkətlərini növbəti dəfə təsdiqləyərək, beynəlxalq hüquq normalarına saymazyana münasibət göstərdiyini bir daha sübut edir.
Məktubda dünya ictimaiyyətinin bu cür qəddarlıq, amansızlıq və qeyri-insani hadisələrə laqeyd qalmaması, müharibə cinayətləri törətmiş işğalçı Ermənistanın BMT Nizamnaməsinə müvafiq olaraq cəzalandırılması, xüsusi beynəlxalq tribunal yaradılaraq, cinayətkar şəxslər barədə ədalətli qərar qəbul edilməsinə çağırışlar edilib.
Bakı Xoreoqrafiya Akademiyasının bu məktubuna ilk cavab İtaliya Milli Rəqs Akademiyasının direktoru, professor Enrika Palmieradan daxil olub. Xanım Palmiera cavab məktubunda baş vermiş hadisələrdən xəbərdar olduğunu, bölgədəki prosesləri izlədiklərini və bununla əlaqədar üzüldüklərini bildirib. Eyni zamanda, Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edərək, dinc əhali üçün vəziyyətin yaxşılaşacağına ümid etdiyini bildirib. ‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬‬

Elm və təhsil 2020-10-20 13:05:00