×
A
A
A
Sazlamalar

BMT ekoloji şəhər nəqliyyatının inkişafı üzrə təlimat hazırlayıb

Bakı, 17 oktyabr, AZƏRTAC

BMT-nin Avropa İqtisadi Komissiyasında ekoloji şəhər nəqliyyatının inkişafı üzrə təlimat hazırlanıb. Bu sənəddə, velosiped, skuter və piyada da daxil olmaqla, şəhər sakinlərinin alternativ ekoloji cəhətdən səmərəli nəqliyyat üsulları təklif olunur. AZƏRTAC xəbər verir ki, ekspertlər nümunə olaraq Almatı, Moskva və Kopenhagen təcrübələrini göstərirlər.
Müxtəlif regionların şəhərlərində vəziyyət fərqlidir, lakin ümumilikdə şəhər sakinlərinin əksəriyyəti ictimai nəqliyyat, şəxsi avtomobil və ya motorlaşdırılmış digər nəqliyyat vasitələri ilə işə gedir və şəhər üzrə hərəkət edir. Bu, havanın çirklənməsinə, səs səviyyəsinin artmasına, tıxaclara gətirib çıxarır və qlobal istiləşməyə yardım edir. Belə ki, Avropa İttifaqında nəqliyyat sektorun payına istixana qazı tullantılarının dörddə biri düşür. Hər il milyonlarla insan yol qəzaları nəticəsində həlak olur. Trafik sıxlığı sərnişin axınının və yüklərin ləngiməsinə gətirib çıxarır ki, bu da illik 100 milyard avroluq iqtisadi ziyana çevrilir.
Bütün bunlar Avropa şəhərlərinin mövcud nəqliyyat sistemlərinin inkişafa ehtiyac duyduğunu göstərir. Ekspertlər, pandemiyadan sonra bərpa dövründə onların səmərəliliyini və ətraf mühitə uyğunluğunun artırılmasının lazım olduğunu hesab edirlər.
Pandemiyadan xeyli əvvəl bu sahədə artıq müəyyən səylər göstərilirdi. Bir çox şəhərin bələdiyyə sədrləri ictimai nəqliyyat üçün xüsusi zolaqlar yaradırdılar, velosiped yolları və əlavə səkilər çəkirdilər. Lakin problemlər hələ də həll olunmayıb - ictimai nəqliyyat həddindən artıq yüklənib və çoxları tıxaclarda saatlarla boş dayanaraq şəxsi avtomobillə işə getmək məcburiyyətində qalır.
Şəhərsalmanın müxtəlif aspektləri arasındakı sıx əlaqəni tanıyan ilk belə təlimatın müəllifləri bələdiyyə sədrlərini, şəhər planlaşdırma sahəsində ekspertləri və nəqliyyat mühəndislərini sağlamlıq və ətraf mühit üçün rahat və təhlükəsiz nəqliyyat sistemini yaratmağa dəvət edirlər.
Təlimatda, gündə 140 min sərnişin daşıyan 26 marşruta xidmət göstərən sürətli avtobus və trolleybus dəhlizinin yaradıldığı Almatı da daxil olmaqla bir sıra şəhərlərin uğurlu təcrübəsi təsvir edilir. 2018-ci ildə şəhərdə 100 kilometrdən çox ictimai nəqliyyat zolağı və 80 kilometrdən çox velosiped yolu, həmçinin velosiped icarə sistemi istifadəyə verilib. Bu, Almatı sakinlərinə fərdi nəqliyyat vasitələrinin gündəlik istifadəsindən imtina etməyə imkan yaradıb.
Digər nümunə, Kopenhagendə velosiped hərəkatının inkişafıdır. Burada şəhərətrafı ərazilərdən şəhər mərkəzinə gedən 28-dən çox velosiped yollu fiziki olaraq avtomobil yolundan ayrılır. Paytaxt bölgəsində artıq bir neçə yüz kilometrlik velosiped zolağı salınıb.
Ekspertlər qeyd edirlər ki, bir kilometrlik velosiped yolunun dəyəri beş il ərzində, o cümlədən müntəzəm istifadə edənlərin sağlamlığının yaxşılaşdırılması yolu ilə ödənilir. Yolun bu hissələrində trafik 10 faiz azalır, velosiped hərəkəti isə 20 faiz artır.
Bu gün Kopenhagendə, vətəndaşların 40 faizi iş və ya məktəbə velosiped sürərək trafik sıxlığı ilə əlaqəli tibbi və iqtisadi xərclərdən ildə milli büdcədən təxminən 235 milyon avro qənaət edir.
Sənəddə Moskvanın uğurlu təcrübəsindən də bəhs olunur, burada da şəhər velosipedləri və elektrikli skuter kirayəsi sistemini fəal şəkildə inkişaf etdirirlər. Üstəlik, Rusiya paytaxtında "karşerinq" parkı yaradılıb. Hal-hazırda, Moskvada 30 mindən çox karşerinq səfərləri və gündə 27.000-dən çox velosiped səfərləri həyata keçirilir.
Yeni təlimatın müəllifləri şəhər nəqliyyatı sistemlərinin planlaşdırılması zamanı bütün şəhər başçılarına digər şəhərlərin uğurlu təcrübəsindən istifadə etməyi məsləhət görürlər. Onlar ictimai nəqliyyatın təkmilləşdirilməsinə xüsusi diqqət ayırmağı, o cümlədən ətraf mühiti çirkləndirən köhnəlmiş avtobus parklarını əvəz etməyi və elektrik nəqliyyatını stimullaşdırmağı, eləcə də müasir tramvay qovşaqlarını inkişaf etdirməyi təklif edirlər. Digər tövsiyələr piyada və velosiped hərəkəti infrastrukturunun inkişafına aiddir.
Təlimatın müəllifləri mobilliyin bu gün dünyada şəhərlərdə yaşayan 3,5 milyard insan üçün çox vacib məsələ olduğunu vurğulayırlar. Bu məsələ BMT-nin Avropa İqtisadi Komissiyasının fəaliyyət göstərdiyi son dərəcə urbanizasiya olunmuş region üçün xüsusilə aktualdır. Avropada əhalinin 75 faizindən çoxu, Şimali Amerikada 80 və Mərkəzi Asiyada təxminən 50 faizi şəhərlərdə yaşayır.

Ekologiya 2020-10-17 17:24:00