×
A
A
A
Sazlamalar

Bakı Dövlət Universitetinin müəllimi: Şanlı Ordumuzun gücünə inanırıq

Bakı, 13 oktyabr, AZƏRTAC

Şanlı Azərbaycan Ordusu tariximizə yeni qəhrəmanlıq səhifələri yazır. Məlum olduğu kimi, sentyabrın 27-si Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini yenidən intensiv atəşə tutmağa başladı. Şanlı Ordumuz düşmənə layiqli cavab vermək üçün cəbhəboyu əks-hücuma keçdi. Qısa müddətdə işğal altında olan torpaqlarımızın müəyyən hissəsi, bir sıra yüksəkliklər azad olundu. Bu gün xalqımız ordumuza inanır və onun qazandığı uğurları sonsuz sevinc hissləri ilə alqışlayır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi Elnur Əbilov söyləyib. O deyib ki, Ermənistan Azərbaycan Ordusunun gücü qarşısında çox aciz vəziyyətə düşüb.
BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistanın işğalçı qüvvələrinin zəbt edilmiş Azərbaycan torpaqlarından çıxması tələb olunur. Lakin Ermənistan BMT-nin bu qətnamələrini yerinə yetirmir. Qəsbkar ermənilər tərəfindən zəbt edilmiş torpaqlarını Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq işğaldan azad edir. Təəssüflər olsun ki, işğalçılıq, qəsbkarlıq siyasətindən əl çəkməyən ermənilər torpaqlarımızda bu gün də günahsız insanların qanlarını axıdırlar. Tovuz və Gəncədə mülki əhaliyə qarşı törətdikləri terror hadisələri bədnam düşmənin qəddarlığını, zalımlığını bir daha dünyaya göstərdi.
Xalqımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasəti ürəkdən dəstəkləyir. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Elm və təhsil 2020-10-13 13:21:00