×
A
A
A
Sazlamalar

Oktyabrın 7-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit olacaq

Bakı, 3 oktyabr, AZƏRTAC 

Azərbaycanda oktyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı, gecəyə doğru isə yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-25° isti, Bakıda gecə 15-17°, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 766 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq.
Oktyabrın 4-də Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 20-25° isti, dağlarda gecə 3-8°, gündüz 9-13° isti olacağı ehtimal edilir.
Sinoptiklərin xəbərdarlığına görə, oktyabrın 4-ü gündüz şimal və qərb rayonlarından başlayaraq oktyabrın 7-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şərq rayonlarında güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 23-27° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 9-13° isti olacağı proqnozlaşdırılır.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 12-16°, gündüz 19-24° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 18-22° isti, dağlarda gecə 4-8°, gündüz 12-15° isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Şərq küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturunun gecə 14-18°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimal edilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-17°, gündüz 20-24° isti, dağlarda gecə 12-14°, gündüz 16-19° isti olacağı ehtimalı var.

 

Ekologiya 2020-10-03 12:54:00